Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda yeni inşa edilmiş idman qurğularının açılış mərasimi keçirilib.

06 sentyabr 2015 | 15:00

Festivalda yeni inşa olunmuş idman qurğuları və idman növləri haqqında məlumat verilərək bildirildi ki, rayonda yeni inşa olunmuş 450 yerlik 2 mərtəbəli tribunası olan təbii ot örtüklü futbol stadionu, dörd zolaqlı qaçış xətti, soyunub-geyinmə otaqları, duş kabinəsi olan yeni güləş zalı, idmanın futbol, voleybol, həndbol, basketbol növlərinin məşqləri və yarışların keçirilməsi üçün süni ot örtüklü idman oyunları meydançası, idmançıların soyunub-geyinmə və duş otaqları ilə təchiz edilmiş əlavə yardımçı bina idmançıların istifadəsinə verilmişdir. Qeyd edildi ki, rayonda 8 idman növü fəaliyyət göstərir. İdmanın futbol, voleybol, şahmat, sərbəst güləş, boks, yunan-roma güləşi, kinqboksinq və karate okinava qoçyu-ryu kobudo növü üzrə 1452 yeniyetmə və gənc idmançı məşğul olur.

Tədbirdə rayon Gənclər İdman İdarəsinin rəisi Saleh Ələsgərov çıxış edərək respublikamızda, eləcə də rayonumuzda idman və bədən tərbiyəsinə göstərilən diqqət və qayğıdan danışdı, doğma Hacıqabulumuzda yeni inşa olunmuş idman obyektlərindən söz açdı. Rayonda idmana və bədən tərbiyəsinə göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, rayonumuzda idmana və bədən tərbiyəsinə daima böyük həvəs var. Müxtəlif idman növlərində gənc və yeniyetmələrimiz həvəslə məşğul olur və asudə vaxtlarını səmərəli keçirirlər. Rayonda fəaliyyət göstərən bütün idman növləri üzrə yarışlar keçirilir. Yeni tikilmiş idman qurğuları rayon əhalisində ruh yüksəkliyi yaratmış, idmanın kütləviliyinin artırılması və rayonun geniş kütlələrinin idmana cəlb olunması sakinlərin böyük sevincinə səbəb olmuşdur. İnşa olunmuş yeni idman qurğuları rayon əhalisinin sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli təşkili, yeniyetmə və gənclərimizin kütləvi şəkildə idmana və bədən tərbiyəsinə cəlb olunması, eləcə də zərərli vərdişlərdən çəkindirilməsində öz töhfəsini verəcəkdir.

Tədbir boyu stadionda kiçik yaşlı idmançıların nümunəvi çıxışları nümayiş olundu. Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov yeni idman qurğularının istifadəyə verilməsi münasibəti ilə rayon sakinlərini, idmançılarımızı təbrik etdi. Sonra bir neçə gün öncə rayonda idmanın inkişafında əməkləri olmuş mərhum idmançıların şərəfinə keçirilmiş futbol turnirində qalib gəlmiş, 1 və 2-ci yerləri tutmuş komandaların üzvlərinə diplom, qiymətli hədiyyələr təqdim etdi. Turnirin qalibi olmuş UGİM-in boksçular komandasına isə turnirin kubokunu təqdim etdi.

Festival respublikamızın populyar incəsənət ustalarının konsert proqramı ilə sona çatdı.

Keçidlər