Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilmişdir.

17 yanvar 2023 | 12:29

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı 17 yanvar 2023-cü il tarixində Hacıqabul rayon Heydər Əliyev mərkəzində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirildi. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov tədbiri giriş sözü ilə açaraq xalqımızın qəhrəmanlıq tarixində 20 Yanvar hadisələrinin mühüm yer tutduğunu və bu hadisələrə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini qeyd etdi. Sonra 20 Yanvar şəhidlərinin xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov çıxış edərək  33 il əvvəl ölkədə baş verən ictimai-siyasi proseslərdən danışdı. O dövrün canlı şahidi kimi xalqımızın milli  azadlıq hərəkatının alovlanmasını, Kreml rəhbərliyinin isə milli azadlıq hərəkatını qan içində boğmağa və xalqın mübarizə əzmini qırmağa çalışdığını qeyd etdi.

Çıxış edən Talış kənd tam orta məktəbin direktoru Mehman Əmiraslanov 20 Yanvar hadisələrinə ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini qeyd etdi. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması barədə göstəriş verdi. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsinin məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldığını bildirdi.

Tədbirdə çıxış edən növbəti natiq, 8 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Xuraman Talıbova qeyd etdi ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Xalqımız Heydər Əliyev zəkası və siyasi bacarığı sayəsində öz istiqlaliyyətinə qovuşdu. Heydər Əliyev  ideyalarının və siyasətinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci ildə baş vermiş Vətən müharibəsində düşmən üzərində qələbəmizi təmin edərək xalqımıza böyük zəfərin sevincini yaşatdı.

          Sonda 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş etdirildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin !

Keçidlər