Hacıqabul rayon İcra Hakimiyyətində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı 13 yanvar 2023-cü il tarixində Hacıqabul rayonunda dövlət qulluqçularının iştirakı ilə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masanı giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov 20 yanvar faciəsinin xalqımızın qəhrəmanlıq tarixində mühüm rol oynadığını bildirdi, bu faciəli hadisələrə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hüquqi və siyasi qiymət verildiyini qeyd etdi. Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova çıxış edərək 20 yanvar şəhidlərinin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulduğunu, 20 yanvar faciəsi zamanı şəhid olmuş şəxslərin ailə üzvlərinin eləcə də əlil olmuş şəxslərin sosial problemlərinin dövlət tərəfindən diqqətlə araşdırılıb onlara qayğı göstərildiyini vurğuladı. Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Natiq Mustafayev 33 il əvvəl baş vermiş faciəli hadisələr barədə geniş məlumat verərək zaman-zaman xalqımızın azadlıq uğrunda mübarizədə faciələrlə qarşılaşdığını qeyd etdi. Bütün bunlara baxmayaraq 2020-ci ildə baş vermiş Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik bacarığı sayəsində xalqımızın düşmən üzərində qazanılmış zəfərin möhtəşəm sevincini yaşadığını, dövlətimizin ərazi bütövlüyünün təmin olunmasına nail olunduğunu bildirdi.