Hacıqabul Rayon İcra Hakimiyyətində yüksək balla ali təhsil müəssisələrinə qəbul olan tələbələrlə görüş keçirilmişdir.
03 sentyabr 2024-cü il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətində yüksək balla ali təhsil müəssisələrinə qəbul olan tələbələrlə görüş keçirilmiş və rayonun ümumtəhsil müəssisələrinin 2023-2024-cü tədris ilində qazandığı uğurlar müzakirə edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik etdi, onlara təhsildə və gələcək həyatlarında uğurlar arzuladı, yüksək bilikli mütəxəssis olmağı və layiqli vətəndaş kimi yetişməyi tövsiyə etdi. Tədbirdə ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafını həmişə diqqətdə saxladığı, həmçinin, bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyi vurğulandı.
Qeyd edək ki, 2024-cü ildə Hacıqabul rayonu üzrə XI sinfi bitirən 555 nəfər məzundan 370 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 199 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Qəbul olunanlardan 25 nəfəri imtahanlarda 500 baldan, 7 nəfəri isə 600 baldan yüksək nəticə göstərmişdir. Ali məktəbə sənəd verən məzunlardan 6 nəfəri Qarabağ Universitetinə qəbul olmuşdur. Bundan əlavə cari ildə əvvəlki illərin məzunlarından 10 nəfəri tələbə adını qazanmışdır.
Tədbirin sonunda qəbul imtahanlarında 600 baldan yuxarı nəticələr əldə edərək fərqlənmiş məzunlara mükafatlar təqdim olunmuşdur.