Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun gənc müəllimləri ilə görüş keçirdi.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun ümumtəhsil müəssisələrində fəaliyyət göstərən gənc müəllimlərlə görüş keçirdi.
Görüşdə rayonun təhsil müəssisələrində çalışan gənc pedaqoqların fəaliyyəti, tədris prosesində qarşılaşdıqları məsələlər, mövcud problemlər və gələcək fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparıldı.
Görüş zamanı Sevindik Hətəmov təhsilin cəmiyyətin inkişafında mühüm rol oynadığını, müəllim əməyinin gələcək nəslin formalaşmasında xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Qeyd edildi ki, müasir təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri şagirdlərə keyfiyyətli bilik verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və hərtərəfli inkişaf etmiş şəxsiyyətlər kimi yetişməsini təmin etməkdir.
Gənc müəllimlərin təhsil sahəsinə gətirdikləri yeni yanaşmaların, müasir tədris metodlarının və təşəbbüslərinin əhəmiyyətinə toxunan İcra Hakimiyyətinin başçısı onların peşəkar inkişafının, bilik və bacarıqlarının artırılmasının vacibliyini diqqətə çatdırdı.
Daha sonra gənc müəllimlərin fikirləri dinlənildi. Onlar tədris prosesində qarşılaşdıqları çətinliklər, iş şəraiti, tədris resursları ilə təminat, məktəblərdə mövcud ehtiyaclar, eləcə də peşəkar inkişaf və təlim imkanları ilə bağlı məsələləri diqqətə çatdırdılar. Müəllimlər onları maraqlandıran sualları ünvanladılar, təklif və təşəbbüslərini səsləndirdilər.
Görüşdə səsləndirilən müraciət və təkliflər ətrafında müzakirələr aparıldı, qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılması və həlli istiqamətində müvafiq addımların atılmasının vacibliyi qeyd edildi.
Sonda gənc müəllimlərlə bu cür görüşlərin keçirilməsinin onların fikir və təkliflərinin öyrənilməsi, təhsil sahəsində mövcud məsələlərin yerində müzakirəsi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.






