Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun bayram təbriki
Əziz Hacıqabullular və rayonumuzun dəyərli qonaqları!
Sizləri birlik, bərabərlik, sülh, əminamanlıq, bolluq və bərəkət rəmzi olan Novruz bayramı münasibəti ilə təbrik edir, sizlərə hər zaman bahar əhval-ruhiyyəsi, can sağlığı və səadət arzulayıram.
Milli mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olan Novruz əcdadlarımızın bizə əvəzsiz yadigarıdır. Özündə insanlığa xas ali dəyərləri cəmləşdirmiş bu bayramın UNESKO tərəfindən ümumbəşəri irsin şah əsərləri sırasına daxil edilməsi hər birimiz üçün iftixar və qürur mənbəyidir.
Zəngin milli mənəvi dəyərlərə malik olan xalqımız üçün bu il hər iki əziz günün – Novruz və müqəddəs Ramazan bayramlarının eyni günlərə təsadüf etməsi bayram əhval ruhiyyəsinin geniş vüsət almasına zəmin yaratmış, sözün əsl mənasında 2 qat bayrama çevrilmişdir.
Bütün dünya müsəlmanlarının mübarək ayı hesab edilən, savab, ülfət, qardaşlıq, yardımlaşma və mənəvi saflıq rəmzi olan Ramazan ayı dövlətimizə və xalqımıza sevinc, uğur, sülh və əminamanlıq bəxş etsin.
Artıq bir neçə ildir ki, xalqımız igid oğullarımızın şücaəti, Müzəffər Ali Baş Komandanımızın yüksək sərkərdəlik bacarığı və parlaq zəkası sayəsində tarixi zəfər əldə edərək milli və dini bayramlarımızı suveren dövlətimizin hər bir guşəsində böyük təntənə ilə qeyd edir. Uzun illər ərzində düşmən tapdağında olan ərazilərimizdə artıq bu gün böyük abadlıq və quruculuq işləri geniş vüsət alır. Həmin ərazilərimizin çiçəklənib inkişaf etməsini təmin edən Böyük qayıdış və məskunlaşma proqramları uğurla icra olunur. Həmin ərazilərimizdə novruz tonqallarının qalanması, məscidlərdə azan səslərinin yüksəlməsi şanlı tarix yaşayan bizlər üçün qürurverici bir reallığa çevrilmişdir.
Əziz Hacıqabullular!
Qarşıdan gələn Novruz və müqəddəs Ramazan bayramının evinizə firavanlıq, sevinc və səadət, süfrənizə bol ruzi və bərəkət gətirməsini arzulayır, oruc və dualarınızın qəbul olunmasını Uca Allahdan diləyirəm.






