Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun Qurban bayramı ilə əlaqədar bayram təbriki
Əziz Hacıqabullular!
Sizləri İslam dünyasının mənəvi birlik, bərabərlik, xeyirxahlıq və qardaşlıq rəmzi sayılan mübarək Qurban bayramı münasibəti ilə təbrik edir, kəsdiyiniz qurbanların, etdiyiniz dua və niyyətlərin qəbul olunmasını uca Allahdan diləyirəm.
İnsanın yaradana inam və sədaqətini ehtiva edən Qurban ayini bizləri xeyirxah amallara çağırır, mənəvi rahatlığımıza vəsilə olur.
Çox sevincli və qürurverici haldır ki, artıq bir neçə ildir, xalqımız bu əziz bayramı dövlətimizin ərazi bütövlüyünün tam bərpa olunması, bütün ərazilərimizdə üçrəngli bayrağımızın ucalması və məscidlərimizdə azanın səslənməsi ilə qarşılayır.
Ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük qayıdışın ruh yüksəkliyi yaşanır, ata-baba yurdlarına qayıdanlar bu torpaqlara yeni nəfəs, yeni həyat verirlər.
Bu əziz bayramda ölkəmizin hər bir guşəsində dövlətimizin əmin-amanlığı, firavanlığı, rifahı və tərəqqisi üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunur.
Əziz bacı və qardaşlar!
Sizləri bir daha Müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, kəsilən qurbanların, edilən duaların qəbul olunması diləyi ilə sizlərə can sağlığı, ailələrinizə sevinc, xoşbəxtlik, səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban Bayramınız mübarək!






