Hacıqabul rayonunda “12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü” münasibətilə “Hüquqi Dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilmişdir.
14 noyabr 2023-cü il tarixdə Hacıqabul Rayon Polis şöbəsində “12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü” münasibətilə “Hüquqi Dövlət quruculuğunda Heydər Əliyev İrsi” mövzusunda hüquqşünasların iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarında fəaliyyət göstərən hüquqşünaslar, eləcə də Rayon Polis şöbəsinin zabit heyəti iştirak etmişdir. Tədbiri giriş nitqi ilə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdir əvəzi Zaur Şirəliyev açaraq, ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyini elan etdi.
Daha sonra geniş məruzə ilə çıxış edən Z.Şirəliyev ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı rayonumuzda da bu barədə silsilə tədbirlər keçirildiyini vurğuladı.
Natiq qeyd etdi ki, ölkədə ictimai-siyasi sabitliyin tam bərqərar olması, hüquq qaydalarının möhkəmləndirilməsi, dövlət çevrilişi cəhdlərinin qarşısının xalqın dəstəyi ilə qətiyyətlə alınması Ulu Öndər Heydər Əliyevə ölkənin Əsas Qanunu olan Konstitusiyanın qəbulu istiqamətində real addımlar atmaq imkanı yaratmışdır. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmış, ölkədə çoxpartiyalılıq əsasında demokratik Parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan və s. azadlıqlar bərqərar olunmuşdur.
Tədbirdə çıxış edən Hacıqabul Rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov bildirdi ki, müstəqil, demokratik, hüquqi dövlət qruculuğu prosesi Heydər Əliyevin Azərbaycana rəhbərliyinə qayıdışı ilə başlanmışdır. Natiq onu da qeyd etdi ki, Ulu Öndər bu istiqamətdə ardıcıl siyasət yeridərək ilk növbədə ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olunması üçün əsaslı zəmin yaradılmasını təmin etdi.
Daha sonra çıxış edən Rayon Polis şöbəsinin rəis müavini, polis mayoru Aqşin Məmmədli, Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi, polis kapitanı Elton Ağayev qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müstəqil Azərbaycanda ilk dəfə milli hüquq sisteminin fundamental əsası qoyulmuşdur. Ümummilli liderin insan hüquqlarının qorunması, demokratik inkişaf istiqamətində həyata keçirdiyi siyasət onun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməkdədir. Bunun çoxlu sayda imzalanan qərar və sərəncamlardan da aydın görmək mümkündür.