Hacıqabul rayonunda “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirildi.
Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq 14 iyul 2023-cü il tarixdə Hacıqabul rayonunda Ulu öndərin Azəbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il:Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, YAP rayon təşkilatının əməkdaşları, rayon Ağsaqqallar Şurasının üzvləri, eləcə də rayonun tanınmış ziyalıları iştirak edirdi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavini Xuraman Məmmədova, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov, Rayon Gənclər və İdman Sektorunun müdiri Xalid Rəcəbli, Rayon Təhsil Sektorunun məsləhətçisi Ləman Talıbova çıxış edərək bildirdilər ki, müasir Azərbaycanın 30 ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqisi dövrünü əhatə edən bütöv bir mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Çıxış edən natiqlər bildirdilər ki, Heydər Əliyev 1969-cu ilin iyulunda Azərbaycan KP MK-nin I katibi seçildikdən sonra ölkə həyatında nəzərə çarpan irəliləyişlər hiss edilməyə başladı. Qısa müddətdə Azərbaycan aqrar respublikasından sənaye respublikasına çevrildi. Bir sıra zavodlar fəaliyyətə başladı. Ulu öndər ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin inkişafı üçün tarixi işlər gördü. Elm, ədəbiyyat, incəsənət korifeylərinin yubileyləri keçirildi, adları əbədiləşdirildi.
Tədbirdə həmçinin qeyd olundu ki, Ümummilli Lider Heydər Əliyevin başladığı inkişaf strategiyası bu gün cənab prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Heydər Əliyev ideyaları əldə olunan bütün inkişaf, uğur və nailiyyətlərimizin təməl prinsipləridir. Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi “Bizim bütün nailiyyətlərimizin mərkəzində Heydər Əliyevin xidmətləri dayanır”.