Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “2 iyul – Azərbaycan polisi günü” qeyd edildi.

02 iyul 2026 | 12:51

02 iyul 2026-cı il tarixində Hacıqabul rayonunda Polis işçilərinin peşə bayramı günü qeyd edildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları, idarə, müəssisə, təşkilatların nümayəndələri, həmçinin veteran və təqaüddə olan polis əməkdaşları iştirak edirdi.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzdülər. Daha sonra tədbir Rayon Mədəniyyət Mərkəzində davam etdirildi.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, eləcə də xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbirdə çıxış edən Hacıqabul Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Anar Xəlilov ilk olaraq Azərbaycan Respublikası Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun peşə bayramı münasibətilə şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxudu. Həmçinin Azərbaycan polisinin yaranma tarixi, onun keçdiyi bir əsrdən artıq çətin, şərəfli  inkişaf yolundan söhbət açdı. Anar Xəlilov onu da vurğuladı ki, hər bir daxili işlər orqanı əməkdaşı dərk edir ki, polis forması daşımaq təkcə hüququ səlahiyyət deyil həm də xalq qarşısında daşınılan böyük məsuliyyətdir. Vətəndaş məmnunluğunun təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması fəaliyyətimizin əsas meyarıdır və bundan sonra da belə olacaqdır. Polis şöbəsinin rəisi həmçinin qeyd etdi ki, Azərbaycan polisinin xidmətləri təkcə dinc dövrdə ictimai asayişin qorunması ilə məhdudlaşmır. Polis əməkdaşları ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə hər zaman ön cəbhədə olmuş, rəşadət və qəhrəmanlıq nümunələri göstərmişlər.

Tədbirdə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov polis əməkdaşlarını Peşə Bayramı münasibətilə təbrik edərək bildirdi ki, Azərbaycan polisi günü xalqımızın təhlükəsizliyi, dövlətimizin sabitliyi və qanunun aliliyinin təmin olunması naminə gecə-gündüz fədakarlıqla çalışan polis əməkdaşlarının peşəkarlığına, vətənpərvərliyinə və dövlətə sədaqətinə verilən yüksək qiymətin təcəssümüdür. Bu əlamətdar gün eyni zamanda cəmiyyətimizin polisə olan etimadının və hörmətinin ifadəsidir. Rayon rəhbəri onu da qeyd etdiyi bu gün işğaldan azad olunmuş torpaqlarımızda həyatın bərpası, dövlət qurumlarının normal fəaliyyəti, insanlarının təhlükəsiz şəkildə doğma yurdlarına qayıdışı istiqamətində polis əməkdaşlarının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Onlar hüquq qaydasının təmin olunması, qanunsuz halların qarşısının alınması və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması üçün yorulmadan çalışırlar.

Tədbirdə daha sonra Hacıqabul rayon Prokuroru, ədliyyə müşaviri Lalə xanım Hüseynova, Hacıqabul rayon Məhkəməsinin sədri Günel xanım Əkbərli, Rayon Ağsaqqallar şurasının sədri Sahib Aslanov, Rayon Polis Veteranları şurasının sədri Teyyub Teymurov, Hacıqabul rayon Polis şöbəsinin müstəntiqi polis leytenantı Ağavəli Ağavəlizadə çıxış edərək bildirdilər ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi hüquqi dövlət quruculuğu siyasəti nəticəsində daxili işlər orqanlarının fəaliyyəti yeni inkişaf mərhələsinə qədəm qoymuş, qanunun aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsi polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilmişdir. Bu gün dövlət başçısı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində daxili işlər orqanlarının maddi texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmiş, müasir texnologiyalar tətbiq edilmiş, şəxsi heyətin sosial təminatı yaxşılaşdırılmış, peşə hazırlığı beynəlxalq standartlara uyğun səviyyəyə yüksəldilmişdir. Bunun nəticəsində Azərbaycan polisi müasir dövrünün təhlükəsizlik çağırışlarına çevik və peşəkar şəkildə cavab verən nüfuzlu hüquq-mühafizə orqanına çevrilmişdir.

Tədbirin gedişində xidməti zamanı fərqlənən bir qrup polis əməkdaşına Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanlar və pul mükafatı təqdim edildi. Təltiflər zamanı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən “2 iyul – Azərbaycan polisi günü” münasibətilə yeni rütbə almış əməkdaşlara rütbələr təqdim olundu, təqaüddə olan polis veteranlarına hədiyyələr verildi.

 

 

Keçidlər