Hacıqabul rayonunda “23 iyun - Dövlət Qulluqçularının Peşə bayramı” münasibəti ilə tədbir keçirildi.
23 iyun 2026-cı il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətində “23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibətilə tədbir keçirildi. Tədbirdən əvvəl rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, İcra Hakimiyyətinin məsul əməkdaşları və digər idarə və təşkilatlardan olan dövlət qulluqçuları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər. Daha sonra tədbir rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirildi.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qeyd etdi ki, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və müasir idarəetmə sisteminin formalaşdırılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə mühüm islahatlar həyata keçirildi. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, çevik və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, icra hakimiyyəti orqanlarının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi həmin dövrdə həyata keçirilən əsas tədbirlərdən biri oldu.
Bildirildi ki, dövlət qulluğu sisteminin müasir tələblərə uyğun qurulması və inkişaf etdirilməsi daim dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə mühüm hüquqi baza rolunu oynayan “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 2000-ci ilin iyul ayında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hazırlanaraq qəbul edildi. Qanunun qəbulundan sonra ölkədə peşəkar, şəffaf və səmərəli dövlət qulluğu sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Həmin sənəd dövlət qulluğunda kadr siyasətinin düzgün qurulmasına, dövlət qulluqçularının hüquq və vəzifələrinin müəyyən edilməsinə, eləcə də onların cəmiyyətdəki rolunun daha da möhkəmləndirilməsinə xidmət etdi.
Çıxış zamanı vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğu sahəsində aparılan islahatlar uğurla davam etdirilir. Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi, peşəkarlıq səviyyəsinin artırılması və onların fəaliyyətinin yüksək qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər daim həyata keçirilir. Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı gününün təsis olunması dövlət qulluğunda çalışan insanların əməyinə verilən yüksək dəyərin bariz nümunəsi idi.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyət göstərən və xidməti vəzifələrini nümunəvi şəkildə yerinə yetirən bir qrup dövlət qulluqçusu Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.






