Hacıqabul rayonunda “27 sentyabr - Anım Günü”nə həsr olunmuş tədbir keçirildi.
27 sentyabr 2024-cü il tarixində Hacıqabul rayonu Şəhidlər Xiyabanında “27 sentyabr - Anım Günü”nə həsr olunmuş tədbir keçirildi. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhid ailələrinin ailə üzvləri və yaxınları, vətən müharibəsi iştirakçıları iştirak etmişdir.
Anım mərasimi şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlandı. Daha sonra şəhidlərin ruhuna dualar oxundu.
Məlumat üçün qeyd edirik ki, Hacıqabul rayonundan 2020-ci il 44 günlük vətən müharibəsində 24 nəfər, 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatları zamanı isə 3 nəfər şəhid olmuşdur.
Mərasim zamanı çıxış edən rayon ziyalılarından Fariz Ağayev bildirdi ki, 27 sentyabr 2020-ci il tarixdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu şanlı qələbəyə aparan yolun başlanğıcını qoydu. Bu qələbə bizə asanlıqla başa gəlmədi. Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara davam etdiyi dövrdə Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri də səngimədən davam etdi. Bütün bu cəhdlər Müzəffər Ali Baş Komandanımızın diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməsi və məntiqli, faktlara əsaslanan arqumentləri ilə iflasa uğradıldı. Mərasimdə həmçinin o da vurğulandı ki, 2020-ci ilin noyabrında Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu Qarabağın əksər hissəsini düşmən tapdağından azad edib, işğalçını kapitulyasiya aktını imzalamağa məcbur etdi. 2023-cü ilin sentyabr ayında isə cəmi 23 saatlıq antiterror əməliyyatları nəticəsində Qarabağın ayrı-ayrı məntəqələrində gizlənərək dövlətimizə qarşı separatçı hərəkətlərini davam etdirən quldur dəstələri məhv edildi. Azərbaycan özünün bütün ərazisində öz bayrağını dalğalandıraraq tam suverenliyini bərpa etdi.
Şəhid ailələri adından çıxış edən şəhid anası Güldənə Bağıyeva, vətən müharibəsi qazisi Əlişad Əhədov şəhid olmuş qəhrəman vətən oğulları ilə fəxr etdiklərini, şəhid ailələri və müharibə əlillərinin, həmçinin müharibə iştirakçılarının problemlərinin həllinə dövlət qurumları tərəfindən həssas yanaşıldığını, onların hərtərəfli diqqət və qayğı ilə əhatə olunduqlarını, buna görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdiklərini qeyd etdilər.
Bundan sonra müqəddəs şəhidlərimiz şagirdlərin ifasında şeirlərlə anıldı. Sonda mərasim iştirakçıları tərəfindən şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzüldü.
Saat 12:00-da vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bu məqsədlə şəhər ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılmışdır.