Hacıqabul rayonunda “27 sentyabr - Anım Günü”nə həsr olunmuş tədbir keçirildi.
27 sentyabr 2025-ci il tarixində Hacıqabul rayonu Şəhidlər Xiyabanında “27 sentyabr - Anım Günü”nə həsr olunmuş tədbir keçirildi. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhid ailələrinin ailə üzvləri və yaxınları, vətən müharibəsi iştirakçıları iştirak etmişdir. Anım mərasimi şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlandı. Daha sonra şəhidlərin ruhuna dualar oxundu.
Hacıqabul rayonundan 2020-ci il 44 günlük vətən müharibəsində 24 nəfər, 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatları zamanı isə 3 nəfər şəhid olmuşdur.
Anım tədbirində çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışdılar. Çıxışlarda qeyd olundu ki, Vətən müharibəsində Azərbaycan xalqının vətən sevgisi, əzmkarlığı, iradəsi, xalq və ordunun ali məqsəd naminə həmrəyliyi, Ali Baş Komandanın qətiyyəti Azərbaycan Respublikası ərzilərinin işğaldan azad olunmasında əsas amil olub. Şəhidlərimizin bu Qələbədə ən çox payı vardır. Onların əziz xatirəsi böyüməkdə olan nəsil üçün örnəkdir. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.
Mərasim iştirakçıları tərəfindən şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzüldü. Saat 12:00-da vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bu məqsədlə şəhər ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılmışdır.






