Hacıqabul rayonunda “5 oktyabr Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Hacıqabul şəhər 5 nömrəli tam orta məktəbin kimya müəllimi Rəhmanova Şamama Balanəzər qızı “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Bu münasibətlə Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov Şamama Rəhmanovanı qəbul etmişdir. Qəbul zamanı Rüstəm Xəlilov cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində məhz bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu, bu sərəncamın ümumilikdə Hacıqabul təhsilinə dövlət qayğısı kimi dəyərləndirdiyini qeyd etmişdir. Sonra “5 oktyabr Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin birinci müavini Saleh Ələskərov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xuraman Məmmədova, YAP-nın Hacıqabul rayon Təşkilatının aparat rəhbəri İsmayıl İbrahimov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Xalid Rəcəbli, Rayon Təhsil Sektorunun müdiri Bəxtiyar Ələkbərov və ATİAHİ-nin rayon Təşkilatının nümayəndəsi Kifayət Əmirbəyova iştirak edib.
Tədbir iştirakçıları tərəfindən əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər qoyulmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Hacıqabul rayon Təhsil Sektorunun müdiri Bəxtiyar Ələkbərov giriş sözü ilə açaraq, 2021-2022-ci tədris ilində rayonda təhsil sahəsində görülən işlər, əldə edilən nailiyyətlər haqqında danışıb. Bəxtiyar Ələkbərov müəllim heyətini təbrik edərək, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra Rayon İcra Hakimiyyətinin birinci müavini Saleh Ələskərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışaraq son illərdə Hacıqabul rayonunda təhsil sistemində qazanılan uğurları məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirdiyini bildirib.
Hacıqabul rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xuraman Məmmədova da rayon müəllimlərini peşə bayramları münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan xalqının milli təfəkküründə müəllimlərimizin rolu əvəzsizdir. Məhz ona görə də cəmiyyətimiz bu şərəfli peşə sahiblərinə böyük hörmətlə yanaşır, əməklərini uca tuturlar.
Tədbirdə iştirak edən Gənclər və İdman Idarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Hacıqabul Rayon Təşkilatının aparat rəhbəri və müəllimlər çıxış edərək rayonun təhsil işçilərini təbrik edib, qarşıdakı tədris ilində hər birinə uğurlar arzulayıblar.
Sonda bir qrup təhsil işçisinə təhsil sahəsində səmərəli fəaliyyətinə görə Hacıqabul rayon icra hakimiyyəti başçısı Rüstəm Xəlilovun imzası ilə Fəxri Fərman və hədiyyələr təqdim edilmişdir.