Hacıqabul rayonunda “5 Oktyabr beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
5 oktyabr 2023-cü il tarixdə Hacıqabul rayonunda “5 Oktyabr beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş geniş tədbir keçirilmişdir. Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və bir qrup qabaqcıl təhsil işçisi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoydular. Daha sonra Hacıqabul şəhər 5 saylı tam orta məktəbdə tədbirin rəsmi hissəsi başlandı. İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, Şirvan-Salyan Regional Təhsil idarəsinin İnzibati Təşkilat sektorunun müdiri Aqil Bəşirov, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon Təşkilatının sədri İsmayıl İbrahimov, şəhər 6 saylı tam orta məktəbin direktoru Nisə İsmayılova çıxış edərək müqəddəs və şərəfli peşə sahibləri olan müəllimləri təbrik etdilər, onlara möhkəm can sağlığı və əmək fəaliyyətində uğurlar arzuladılar.
Tədbirdə, bu gün Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirililməsi qeyd olundu. Cənab Prezidentin yüksək intellektual zəkası, qətiyyətli sərkərdəlik bacarığı sayəsində doğma Azərbaycanımızın suverenliyinin və ərazi bütövlüyümüzün bərpa edilməsi hər bir azərbaycanlının qəlbində fəxarət və qürur hissi doğurur. Azad olunmuş ərazilərimizdə qısa müddətdə abadlıq və quruculuq işlərinin aparılması, geniş infrastruktur layihələrinin həyata keçirilməsi xalqımızın tezliklə doğma torpaqlarımıza böyük qayıdışından xəbər verir.
Cənab Prezident çətin peşə sahibi olan müəllimləri daim çox yüksək qiymətləndirir və onların maddi rifah halının yaxşılaşdırılmasının qayğısına qalır. Ölkəmizdə təhsil sisteminin hüquqi bazasının müasir standartlar səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun ən yeni texnologiyalar əsasında daha da möhkəmləndirilməsi, informasiya kommunikasiya texnologiyalarının tədrisə tətbiqi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində ölkəmizin digər bölgələri kimi Hacıqabul rayonunda da son illər sosial-iqtisadi dəyişikliklər baş vermişdir. Ölkə rəhbərinin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində son illərdə yeni-yeni məktəb binaları, əlavə tədris korpusları tikilmiş və bir çox təhsil ocaqları əsaslı təmir olunmuşdur. Bu yeni tədris ili ərəfəsində rayonumuzun müəllim və şagirdləri yeni bir sevinc yaşadılar. Belə ki, Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Muğan qəsəbə tam orta məktəbi üçün 634 şagird yerlik yeni məktəb binası tikilərək istifadəyə verildi. Bundan əlavə Elm və Təhsil Nazirliyi tərəfindən şəhər 3 saylı tam orta məktəbi üçün 432 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılmışdır.
Tədbirin gedişində gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyətinə görə bir qrup təhsil işçisinə rayon İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Təhsil İdarəsi, Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon Təşkilatı, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi və ATİAHİ-nin Hacıqabul Rayon Komitəsi tərəfindən Fəxri Fərmanlar təqdim olundu.
Sonda istedadlı mədəniyyət işçiləri və şagirdlərin ifasında bədii hissə nümayiş olundu.