Hacıqabul rayonunda “Anım Günü”nə həsr olunmuş tədbir keçirildi.
27 sentyabr 2023-cü il tarixində Hacıqabul rayonunda “Anım Günü”nə həsr olunmuş tədbir keçirildi. Anım Günü tədbirində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhid ailələrinin ailə üzvləri və yaxınları, vətən müharibəsi iştirakçıları iştirak etmişdir.
Şəhidlər Xiyabanında keçirilən tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov vətən müharibəsi şəhidlərinin valideynlərinə baş sağlığı verərək ordumuzun, o cümlədən şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlardan söhbət açdı.
Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin 44 günlük vətən müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən, bu gün şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara ölkə rəhbərliyi tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıdan danışdı. Şəhid ailələrinin qayğılarının, onları narahat edən məsələlərin həllinin hər zaman dövlət başçının diqqətində olduğunu vurğuladı. 44 günlük vətən müharibəsində Hacıqabul rayonunun 24 nəfər qəhrəman sakini şəhid olmuşdur. Şəhid ailələri adından çıxış edən şəhid Abbasov Hüseyn Əlizadə oğlunun anası, Bağıyeva Güldənə və vətən müharibəsi qazisi Əhədov Əlişad Rəfail oğlu şəhid olmuş qəhrəman vətən oğulları ilə fəxr etdiklərini, onların problemlərinin həllinə həssas yanaşdıqları və hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər. Daha sonra şəhidlərin ruhuna dualar oxundu.
Saat 12:00-da vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bu məqsədlə şəhər ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılmışdır.