Hacıqabul rayonunda Antiterror əməliyyatı nəticəsində şəhid olan Mirzəyev Əlmirzə Ağamirzə oğlunun xatirəsi doğum günündə anılıb.
Hacıqabul şəhərində anadan olmuş, Antiterror əməliyyatında Şəhidlik zirvəsinə ucalmış Mirzəyev Əlmirzə Ağamirzə oğlunun xatirəsi onun doğum günündə məzarı önündə anılıb. Xatirə tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhidin ailə üzvləri və yaxınları iştirak etmişdir.
Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə tər qərənfillər düzülmüşdür. Tədbirdə Vətən Müharibəsi, o cümlədən Antiterror əməliyyatı Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açılıb. Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Şəhidin valideynlərinə baş sağlığı verdi, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən söhbət açdı. Bu gün Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara Ölkə Rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısından danışdı. Şəhid ailələrinin qayğılarının hər zaman dövlət başçının diqqətində olduğu vurğulandı.
Mirzəyev Əlmirzə Ağamirzə oğlu 22.09.2023-cü ildə Antiterror əməliyyatı nəticəsində şəhid olmuşdur.
Sonda Şəhidlərin ruhuna dualar oxundu.