Hacıqabul rayonunda Bilik Günü qeyd olundu.
15 sentyabr 2026-cı il tarixində Hacıqabul rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik Günü” təntənə ilə qeyd olunmuşdur.
Tədbir zamanı rayonunun bütün ümumtəhsil məktəblərində Rayon İcra Hakimiyyətinin əməkdaşları, yerli icra nümayəndələri, qabaqcıl təhsil işçiləri, müəllimlər, şagirdlər, valideynlər və rayon ictimaiyyəti iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilən təntənəli tədbirlərdə əvvəlcə torpaqlarımız azadlığı və suverenliyi uğrunda canından keçmiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə çıxış edən qonaqlar yeni dərs ilinin başlanması münasibətilə müəllimləri və şagirdləri səmimi təbrik etdilər, dərs ili ərzində onlara uğur və nailiyyətlər arzuladılar. Daha sonra məktəblilərin ifasında şeirlər səsləndirildi. Sonda məktəblilər ilk zəngin sədaları altında sinif otaqlarına daxil oldular.
Qeyd edək ki, Hacıqabul rayonununda 33 ümumi, 3 məktəbəqədər, 2 məktəbdənkənar olmaqla cəmi 38 təhsil müəssisəsi fəaliyyət göstərir. 2026/2027-ci tədris ilində rayonun ümumi təhsil müəssisələrində ümumilikdə 11145 nəfər şagirdin təlim tərbiyəsi ilə 984 nəfər pedaqoji işçinin məşğul olması nəzərdə tutulur. Ötən tədris ilində 249 nəfər məzun tələbə adını qazanmışdır ki, onlardan 26 nəfəri 500-dən, 4 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Sözügedən tədris ilində rayon məktəblilərindən 14 nəfəri Respublika Beynəlxalq müsabiqələrdə uğur qazanaraq mükafata layiq yerlər əldə etmişlər.
Şagirdlərimizə yeni tədris ilində uğurlar arzu edir, onlara möhkəm cansağlığı, təhsildə yüksək nailiyyətlər və qarşıya qoyduqları məqsədlərə nail olmalarını diləyirik.






