Hacıqabul rayonunda “Əsrin müqaviləsi” tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına müvafiq olaraq 29 sentyabr 2023-cü il tarixdə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Hacıqabul Regional İdarəsində “Əsrin müqaviləsi ” tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə açan Hacıqabul rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Mətin Babayev qeyd etdi ki, xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin əsasını qoydu. Azəraycanı labüd fəlakətdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün çox böyük işlər gördü. Natiq həmçinin onu da qeyd etdi ki, 20 sentyabr 1994-cü ildə Azərbaycanın Dövlət Neft Şirkəti ilə 7 ölkənin 11 şirkəti arasında imzalanmış saziş öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. “Əsrin müqaviləsi” ilə müstəqilliyini möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahibi olduğunu bütün dünyaya nümayiş etdirdi.
Daha sonra SOMDA-nin Hacıqabul Regional İdarəsinin Mühafizə və Müdafiə qrupunun komandiri, mayor Anar Dəmirov çıxış edərək bildirdi ki, “Əsrin müqaviləsi” tarixə Heydər Əliyevin Prezident hakimiyyəti siyasətində baza prioritetinin-neft startegiyasını müəyyən etmiş ilk iri iqtisadi sənəd kimi düşmüşdür. Bu müqaviləni imzalamaqla Azərbaycan müstəqil, suveren hüquqlara malik olan dövlət kimi dünya birliyində layiqli tərəfdaş kimi çıxış etdiyini bir daha nümayiş etdirdi. Təsadüfü deyilki Ümummilli lider Heydər Əliyev bu barədə danışarkən qeyd etmişdir: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Natiq Mustafayev bildirdi ki, Ümummilli liderin başladığı inkişaf strategiyası hazırda cənab prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir.
“Əsrin müqaviləsi”ndən əldə olunan siyasi və iqtisadi nailiyyətlər dövlətimizin qüdrətinin artması ilə yanaşı tariximizin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsində tarixi zəfərimizi şərtləndirən mühüm amillərdən biridir. Belə ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin uzaqgörən siyasəti, hərbi sərkərdəlik bacarığı, qəhrəman oğullarımızın şücaəti ilə yanaşı qüdrətli dövlətimizin orduya ayırdığı maddi- texniki təminat da qələbəmizin təmin olunmasında mühüm rol oynamışdır.