Hacıqabul rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
28.04.2026-cı il tarixində Hacıqabul Rayon Heydər Əliyev Mərkəzində Hacıqabul Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon Təşkilatı və Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan tibb elminin parlaq simalarından biri olan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ”İnsanlığın və elmin zirvəsi” adlı tədbir keçirildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, Hüquq mühafizə orqanları, həmçinin, idarə, müəssisə və təşkilat rəhbərləri və əməkdaşları, eləcə də bir qrup səhiyyə işçisi iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığının əks olunduğu sərgiyə baxış keçirdilər.
Tədbirin rəsmi hissəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, görkəmli akademik Zərifə xanım Əliyevanın, həmçinin torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirdi ki, akademik Zərifə xanım Əliyeva yalnız görkəmli alim deyil, həm də yüksək insani keyfiyyətləri ilə seçilən bir şəxsiyyət olmuşdur. O eyni zamanda müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün ömrünü və həyatını vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Rayon rəhbəri onu da qeyd etdi ki, Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir insan kimi yaşayıb yaratdığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Daha sonra çıxış edən natiqlər, Hacıqabul rayon prokuroru Lalə Hüseynova, Hacıqabul Rayon Məhkəməsinin sədri Günel Əkbərli, YAP Hacıqabul rayon Təşkilatının sədri İsmayıl İbrahimov, Hacıqabul Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Vəfa Rəhimova, Hacıqabul Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Xəqani Abbasov və Rayon Ağsaqqallar şurasını sədri Sahib Aslanov bildirdilər ki, akademik Zərifə xanım Əliyeva Azərbaycan elminin səmasında heç vaxt sönməyən parlaq bir ulduzdur. Onun elmi nailiyyətləri həm ölkəmizdə, həm də beynəlxalq aləmdə ən yüksək zirvələri fəth etdi. SSRİ Tibb Elmləri Akademiyasının Mixail Averbax adına nüfuzlu mükafatına layiq görülən ilk qadın alim olması təkcə onun deyil, bütövlükdə azərbaycan elminin böyük təntənəsi idi. Lakin bu böyük insan üçün ən böyük mükafat hər zaman sağaltdığı, şəfa verdiyi xəstələrin ona minnətdar baxışı və xalqının ona olan səmimi məhəbbəti olmuşdur.
Tədbirdə həmçinin vurğulandı ki, Akademik Zərifə xanımın qoyduğu zəngin elmi irs, xatirələrdə yaşayan nuru heç vaxt sönməyəcəkdir. Onun adı Azərbaycan elminin və mənəviyyatının uca zirvələrində hər zaman əbədi yaşayacaqdır.
Tədbirin gedişində Hacıqabul şəhər Uşaq Musiqi məktəbinin fortepiano müəllimi Fuad Nəzərovun solo ifası fonunda Zərifə xanıma həsr olunmuş “Mənalı ömrün anları” adlı fot-şəkillər nümayiş olundu.
Tədbirin sonunda iştirakçılar xatirə şəkili çəkdirdilər.






