Hacıqabul rayonunda “Heydər Əliyevin dövlət quruculuğu strategiyasında milli təhsil ənənələrinin yeri və əhəmiyyəti” mövzusunda konfrans keçirilmişdir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq 04.05.2026-cı il tarixində Hacıqabul Rayon Heydər Əliyev Mərkəzində Hacıqabul Rayon İcra Hakimiyyətinin, Rayon Heydər Əliyev Mərkəzinin və Rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyevin dövlət quruculuğu strategiyasında milli təhsil ənənələrinin yeri və əhəmiyyəti” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Saleh Ələskərov, İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə təhsil sektorunun müdiri Bəxtiyar Ələkbərov, Rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov, müəssisə rəhbərləri, rayon təhsil müəssisələrində çalışan bir qrup qabaqcıl müəllimlər, eləcə də mədəniyyət işçiləri iştirak edirdilər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Daha sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, həmçinin torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Rayon icra hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov əvvəlcə iştirakçıları salamlayaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın tarixində və dövlətçiliyimizin inkişafında misilsiz xidmətləri olmuşdur. Ümummilli Liderin çoxsahəli fəaliyyətində təhsilin xüsusi yeri vardır. Heydər Əliyevin Təhsil siyasətinin əsasını ölkəmizin qüdrətli gələcəyinə xidmət etmək məqsədi təşkil edir.
Daha sonra çıxış edən məruzəçilər, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə təhsil sektorunun müdiri Bəxtiyar Ələkbərov, ADA Universitetinin magistr tələbəsi, Şirvan Dövlət Humanitar kollecinin müəllimi Şahin Ağayev, Hacıqabul şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Xəyalə Əfəndiyeva, şəhər 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin tarix müəllimi Fariz Ağayev, Hacıqabul şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Mətanət Rəcəbli, şəhər 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qönçə Məmmədova və şəhər 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Nüşabə Maqsudova bildirdilər ki, Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtmasından sonra təhsilin inkişafında yeni, milli xüsusiyyətlərə malik geniş mərhələ başlanmışdır. Ulu Öndərin söylədiyi və sonralar devizə çevrilən “Təhsil millətin gələcəyidir” şüarı özlüyündə müstəqil dövlətin iqtisadi inkişafının təmin olunması, daxili və xarici siyasətdə uğurlu nəticələrin əldə olunması, peşəkar kadrların hazırlığı məsələlərini ehtiva edir.
Tədbirdə həmçinin vurğulandı ki, Ulu Öndər Heydər Əliyevin təhsil strategiyasını uğurla reallaşdıran Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman oğullarımızın şücaəti sayəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan abadlıq-quruculuq işləri, o cümlədən Qarabağ Universitetinin təsis olunması, ümumtəhsil məktəblərinin şəbəkəsinin yaradılması məhz cənab Prezidentin təqdirəlayiq təhsil və gənclər siyasətinin nəticəsində mümkün olmuşdur.
Tədbirin sonunda “Heydər Əliyev və təhsil” sənədli filmi nümayiş olundu.






