Hacıqabul rayonunda “İnformasiya əldə etmək hüququna” həsr edilmiş maarifləndirmə tədbiri keçirildi.
03 mart 2023-cü il tarixində Hacıqabul rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən informasiya əldə etmək hüququnun müdafiəsi ilə bağlı maarifləndirici tədbir keçirildi.
Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, aparatın məsul işçiləri, Ombudsman Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, digər idarə və müəssisələrin nümayəndələri iştirak etdilər.
Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və digər əməkdaşları çıxışları zamanı Ombudsmanın informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi funksiyasının icrası barədə məlumat veriblər. Tədbir iştirakçıları informasiya əldə etmək hüququnun yaranma tarixi və bu sahədə mövcud olan beynəlxalq sənədlər haqqında da məlumatlandırılıblar.
Daha sonra mövzu ilə əlaqədar təqdimat nümayiş etdirilib, informasiya sahiblərinin vəzifələri və sorğuçuların hüquqları, habelə Qanunun digər maddələri haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, informasiya əldə etmək hüququ ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirlərdə həmçinin “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinin pozulması halları ilə bağlı şikayətlərin Müvəkkilin səlahiyyətləri çərçivəsində operativ şəkildə araşdırıldığı, pozuntu hallarının aradan qaldırılması üçün müvafiq səlahiyyətli qurumlara sorğuların göndərildiyi, protokolların tərtib olunduğu diqqətə çatdırılıb.
Yekunda iştirakçıların sualları cavablandırılıb və onlara informasiya əldə etmək hüququnun təmininə dair maarifləndirici bukletlər paylanılıb.