Hacıqabul rayonunda işəgötürənlər sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin kvota üzrə işlə təminatı ilə bağlı məlumatlandırılıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində işəgötürənlərlə görüş keçirilib.
Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, aparatın məsul işçiləri, Şirvan-Salyan Regional Məşğulluq filialının,rayon ərazisində yerləşən idarə və təşkilatların nümayəndələrinin və sahibkarların iştirak etdiyi görüşdə vakansiya bankı, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi qaydası, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kvota üzrə işlə təminatı və digər məşğulluq tədbirləri ilə bağlı müzakirələr aparılıb.
Görüşdə həmçinin, işəgötürənlərə birgə layihələrin icra olunması imkanları, onlar üçün nəzərdə tutulan dəstək tədbirləri ilə bağlı məlumat verilib. Qeyd edilib ki, Agentlik tərəfindən sahibkarlarla birgə layihələr icra olunur, onların dövlət tərəfindən həyata keçirilən proqram və layihələrdə iştirakına imkan yaradılır.
Daha sonra Agentliyin məşğulluq xidmətlərinin daha əlçatan və şəffaf olması, insan resursları əməliyyatlarının tam elektron müstəviyə keçidi üçün icra etdiyi rəqəmsal layihələrdən danışılıb, işəgötürənlərin sualları cavablandırılıb.