Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “İxrac, Neft, Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə” Komissiyanın növbəti iclası keçirilib.

19 may 2026 | 17:00

19 may 2026-cı il tarixdə Hacıqabul rayonunda Hacıqabul Rayon İcra Hakimiyyəti yanında yaradılmış “İxrac, Neft, Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə” Komissiyanın 2026-cı ilin I rübünün yekunlarına həsr olunmuş növbəti iclası keçirilmişdir.

İclası giriş sözü ilə Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, komissiyanın sədri Saleh Ələskərov açaraq komissiyanın fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat vermişdir. O qeyd etmişdir ki, cari ilin ötən dövrü ərzində rayon ərazisindən keçən ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, hər hansı xoşagəlməz hadisə qeydə alınmamışdır.

Bildirilmişdir ki, boru kəmərlərinin marşrutu boyunca yerləşən yaşayış məntəqələrində əhali ilə keçirilən maarifləndirici görüşlər təhlükəsizlik qaydalarına əməl olunması baxımından mühüm rol oynamışdır. Bundan sonra da əhali arasında mütəmadi maarifləndirmə işlərinin davam etdiriləcəyi vurğulanmışdır.

İclasda çıxış edən SOMDA-nın Hacıqabul Regional idarəsinin rəisi, polkovnik-leytenant Pərviz Quliyev komissiyanın fəaliyyətinin əhəmiyyətindən danışaraq, təhlükəsizlik məsələlərinin koordinasiyalı şəkildə həyata keçirilməsinin vacibliyini qeyd etmişdir. O, belə iclasların mütəmadi olaraq, ən azı rübdə bir dəfə keçirilməsinin zəruriliyini diqqətə çatdırmışdır.

Daha sonra BP şirkətinin əməkdaşı Abduləli Hüseynli çıxış edərək ixrac boru kəmərlərinin mühafizə zonalarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, əhalinin maarifləndirilməsi, taxıl və ot biçini zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də su kanallarının qazılması işlərinin aidiyyəti qurumların iştirakı ilə aparılmasının vacibliyini vurğulamışdır.

İclas zamanı çıxış edən digər iştirakçılar da təhlükəsizlik tədbirlərinin davamlı nəzarətdə saxlanılmasının əhəmiyyətini qeyd etmiş, təklif və tövsiyələrini səsləndirmişlər.

Sonda komissiyanın sədri Saleh Ələskərov 2026-cı ilin I rübü ərzində komissiyanın fəaliyyətini qənaətbəxş qiymətləndirərək, gələcəkdə də aidiyyəti qurumların qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətlərini davam etdirəcəklərinə əminliyini ifadə etmişdir.

İclasın yekununda müvafiq qərarlar qəbul olunmuş, komissiyanın iclaslarının rübdə bir dəfədən az olmayaraq keçirilməsi və ixrac boru kəmərlərinin təhlükəsizliyi istiqamətində tədbirlərin davam etdirilməsi qərara alınmışdır.

Keçidlər