Hacıqabul rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində "Konstitusiyanın, suverenliyin və həmrəyliyin zəfəri" adlı tədbir keçirildi.
18 aprel 2025-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik ili” çərçivəsində Hacıqabul rayon İcra Hakimiyyəti, YAP Hacıqabul rayon təşkilatının birgə təşkilatçılığı ilə "Konstitusiyanın, suverenliyin və həmrəyliyin zəfəri" adlı tədbir keçirildi. Müasir və qüdrətli Azərbaycanın banisi, müstəqil ölkəmizin Konstitusiyasının müəllifi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımız, və suverenliyimiz uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov və digər natiqlər çıxış edərək qeyd etdilər ki, suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar təkcə dövlətin hüquqi və siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir. Azərbaycan Respublikasında suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi müasir dövlət quruculuğu və xalqın rifahı üçün zəmin yaradır. Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə yönəlik strateji mahiyyətini daha da ön plana çıxarır. Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Sərəncam həm tarixilik, həm də gələcəyə yönəlik strateji yanaşmaları əks etdirir.
Beləliklə, suverenlik və dövlətçilik dəyərləri yalnız bugünkü sabitliyi deyil, eyni zamanda gələcək nəsillər üçün güclü və firavan bir dövlətin əsasını təşkil edir. Suverenliyin təmin olunması, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Bu yanaşma dövlətin milli maraqlarını effektiv şəkildə müdafiə etməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Hazırda dövlətimiz müstəqillik tarixinin ən qüdrətli, yüksək inkişaf mərhələsini yaşayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi, şübhəsiz ki, tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi müasir tariximizin ən parlaq səhifəsi olmaqla Azərbaycan xalqının qürur mənbəyidir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin abidəsi qarşısında xatirə şəkili çəkdirildi.