Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində "Qalib Dövlət: Azərbaycançılıq, dövlətçilik, xalqın birliyi və Suverrenlik" adlı maarifləndirici tədbir keçirildi.

20 avqust 2025 | 15:20

20 avqust 2025-ci il tarixində “Konstitusiya və Suverenlik ili” çərçivəsində Hacıqabul rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının birgə təşkilatçılığı ilə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində "Qalib Dövlət: Azərbaycançılıq, dövlətçilik, xalqın birliyi və Suverenlik" adlı maarifləndirici tədbir keçirildi.

Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, rayonda yerləşən idarə, təşkilat və müəssisələrin əməkdaşları və YAP fəalları iştirak edirdilər.

Tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Çıxış edən natiqlər bildirdilər ki, bəşəriyyətin çoxəsrlik tarixi təcrübəsi göstərir ki, xalqların və dövlətlərin inkişafında liderlərin rolu əvəzsizdir. Güclü lideri olan dövlətlər və millətlər çox yüksək inkişaf yolu keçmiş və tarixi uğurlar əldə etmişlər. Belə liderlər bizim xalqın tarixində də yetişmiş, Azərbaycanımızın inkişafında, dövlətçiliyimizin yaranıb möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında əhəmiyyətli rol oynamışlar. Onların arasında öz işıqlı əməlləri ilə xalqı müstəqilliyə qovuşdurmuş, dövlətçiliyimizin daha da möhkəmlənməsində müstəsna xidmətləri olmuş Ümummilli Lider Heydər Əliyevin adı qürur hissi ilə çəkilir. Azərbaycanın tarixi şəxsiyyətlərinin fövqündə yer alan bu dahi insanın xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və azərbaycançılıq məfkurəsinin mövcudluğu üçün xalqımız məhz Ulu Öndər Heydər Əliyevə borcludur.

Ulu Öndər Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz onun parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdır.

Ümummilli Lider Heydər Əliyevin sayəsində Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət siyasəti səviyyəsinə qaldırıldı.

Təsadüfi deyil ki, bu gün siyasi baxışından, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bütün ümummilli məsələlərdə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyini dəstəkləyərək həmrəylik nümayiş etdirirlər. Çünki insanı öz dövləti ilə sıx bağlayan vətənpərvərlik ideyası dövlət müstəqilliyinin sütununu təşkil edir. Öz xalqının əldə etdiyi suverenliyi, dövlətinin müstəqilliyini qorumaq vətənpərvər insanın ali məramıdır. Ulu öndər Heydər Əliyev çıxışlarının birində bildirmişdir: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir. Mən bu gün iftixar hissi ilə bəyan edirəm ki, Azərbaycanda müstəqil dövlət yaşayır və onun gələcəyi üçün də böyük bir təməl qoyulubdur. Bizim vəzifəmiz qarşıdakı dövrdə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır”.

Keçidlər