Hacıqabul rayonunda Memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi mövzusunda tədbir keçirilmişdir.
25 noyabr 2022-ci il tarixdə rayon İcra Hakimiyyətinin Akt zalında Memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi, yerli səviyyədə dövlət şəhərsalma nəzarəti işinin daha səmərəli təşkil ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olmuş tapşırıqda qarşıya qoyulmuş vəzifələrin müzakirəsi və icrası məqsədilə Hacıqabul Rayon İcra Hakimiyyətində aidiyyatı üzrə məsul şəxslərin, İƏD nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbiri giriş nitqi ilə rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov açaraq tapşırıqda həyata keçirilməsi nəzərdə tutulan işlər barədə geniş məlumat verərək görülmüş və gələcəkdə görüləcək tədbirlər barədə məlumat verdi.
Rayon ərazisində qanunsuz tikintilərin və torpaq zəbti hallarının dərhal aşkar edilməsi, qarşısının alınması üçün İƏD nümayəndələrinə və bələdiyyə sədrlərinə ciddi tapşırıq verilmiş, belə hallar müəyyən edildikdə qanunvericiliyə uyğun olaraq sərt cəza tədbirlərinin görülməsi qərara alınmışdır.
Xatirə-memorial və memarlıq komplekslərinin, büst və barelyeflərin quraşdırılması ilə bağlı müraciətlər daxil olduqda onların eskiz-layihələrinin, 3D formatında görüntüsünün hazırlanması və razılaşdırılması üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasına göndərilməsi memarlıq xidməti əməkdaşlarına tapşırılmışdır.
Tikilən, istismar edilən, sökülən obyektlər və məlumatlandırma qaydasında inşa edilən fərdi yaşayış evləri barədə məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müddətdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi, bu işdə gecikmə hallarına yol verilməməsi İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinə tapşırılmışdır.