Hacıqabul rayonunda “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən “Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi.
23 iyul 2025-ci il tarixində Hacıqabul Mədəniyyət Mərkəzində “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən “Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Daha sonra torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova çıxış edərək qeyd etdi ki, Kəlağayı – Azərbaycanda qadınlara məxsus, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadan, gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzidir. Azərbaycan xanımının nəcibliyinə naxış kimi yaraşan kəlağayı bizim heç vaxt itirməyəcəyimiz bir dəyərdir. Məhz bu səbəbdən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Layihənin rəhbəri Güllü Eldar Tomarlı layihənin məqsədi, fəaliyyət istiqamətləri və görülmüş işlər haqqında ətraflı məlumat verdi. O, qeyd etdi ki, bu təşəbbüs Azərbaycan xalqının qədim və zəngin geyim mədəniyyətinin ayrılmaz hissəsi olan kişi və qadın baş geyimlərinin – kəlağayı, papaq, araqçın, örpək və digər ənənəvi örtüklərin tədqiqinə, təbliğinə və bu irsin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Tədbirdə kəlağayı, papaq, tirmə çalma və digər milli baş geyimlərindən ibarət sərgi və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən nəşr olunmuş kitablar nümayiş etdirildi. Mədəniyyət mərkəzinin solistlərinin ifasında davam edən konsert proqramı tədbirə əlavə rəng qatdı.






