Hacıqabul rayonunda “Narkomaniyaya və erkən nikaha yox deyək” adlı maarifləndirici tədbir keçirilib.
10 sentyabr 2023-cü il tarixində Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Hacıqabul şəhər 10 saylı tam orta məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, Rayon Polis Şöbəsinin rəisi polkovnik-leytenant Anar Xəlilov, Hacıqabul rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Xalid Rəcəbli, Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbərliyi və digər məsul işçilər iştirak edib.
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov, eləcə də digər iştirakçılar narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən danışıblar. Bildirilib ki, bu maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən qabaqlayıcı tədbirlər görülüb, cinayət əməli ilə məşğul olan hər bir şəxs saxlanılaraq məsuliyyətə cəlb olunur.
Erkən nikaha fəsadları mövzusunda da çıxışlar edən iştirakçılar məktəblilərə dəyərli tövsiyələr veriblər.
Tədbirdə şagirdlərə narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və onları maraqlandıran suallar cavablandırılıb.