Hacıqabul rayonunda qabaqcıl təhsil işçilərinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq 17 fevral 2023-cü il tarixdə Hacıqabul şəhər 10 nömrəli tam orta məktəbdə “ Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi ” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Natiq Mustafayev, Hacıqabul rayonu üzrə Təhsil sektorunun müdiri Bəxtiyar Ələkbərov, ATİAHİ-nin Hacıqabul rayon komitəsinin sədri Kifayət Əmirbəyova , eləcə də rayonun qabaqcıl ziyalıları və təhsil işçiləri iştirak etmişdir.
Tədbir Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra rayon üzrə Təhsil sektorunun müdiri Bəxtiyar Ələkbərov Tədbirlər Planına uyğun olaraq “Heydər Əliyev ili” çərçivəsində ümumtəhsil müəssisələrində görülmüş işlər və qarşıya qoyulan məqsədlər barədə söhbət açdı.
Mövzu üzrə müzakirəyə qoşulan şəhər 8 nömrəli məktəb-liseyin tarix müəllimi Fariz Ağayev Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsinin və müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsinin Ümummilli lider Heydər Əliyevin tarixi xidməti olduğunu qeyd etdi. Natiq hələ sovetlər dönəmində Ulu Öndərin mənsub olduğu xalq üçün əvəzsiz xidmətlərindən danışdı.
Daha sonra müzakirəyə qoşulan əməkdar müəllim, şairə Xədicə Abbasova qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabr ayının 9-da Dünya azərbaycanlılarının birinci qurultayında dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini belə səciyyələndirərək demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.”
Çıxış edən natiqlərdən, Hacıqabul rayon Təhsil Şöbəsinin sabiq müdir müavini Balaxanım Ələskərova bildirdi ki, Azərbaycançılıq Azərbaycan ərazisində yaşayan xalqların həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya həmdə Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir. Hazırda bu ideya Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən inkişaf etdirilir. O, bunun bariz nümunəsi kimi dünyadakı azərbaycanlı gəncləri Azərbaycançılıq ideyası ətrafında birləşdirmək, diaspor fəaliyyətinə cəlb etmək məqsədilə 2012-ci il martın 12-də Bakıda Dünya azərbaycanlıları gənclər birliyinin təsis edilməsindən danışdı.
Dəyirmi masa iştirakçılarından “Mədəni irs” qəzetinin təsisçisi Mübariz Xəlilov cənab prezident İlham Əliyevin Azərbaycan gəncliyinin inkişafı istiqamətində apardığı məqsədyönlü siyasətdən danışdı və diqqəti prezidentin Cəbrayıl və Zəngilan səfərində söylədiyi fikrə yönəltdi: “Biz ürəyi vətən eşqi ilə döyünən gənc nəsil yetişdirdik. Hətta onların içərisində o torpaqları görməyən gənclər belə arzu edirdilər ki, ədalət bərpa olunsun və onlar öz doğma torpaqlarına qayıtsınlar.”
Tədbirin sonunda 26 yanvar 2023-cü il tarixində yuxarı sinif şagirdləri arasında keçirilmiş “Azərbaycanın böyük şəxsiyyəti” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri təqdim olunaraq diplomlarla və müxtəlif hədiyyələrlə təltif olundular.