Hacıqabul rayonunda Ramazan ayı münasibətilə şəhid ailələri və ictimaiyyət nümayəndələri üçün iftar süfrəsi təşkil olunub
Müqəddəs Ramazan ayının mənəvi dəyərlərini və xeyirxahlıq ənənələrini yaşatmaq məqsədilə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun təşəbbüsü ilə rayon ərazisində yerləşən “Qədir-Xum” ailəvi istirahət mərkəzində şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri üçün iftar süfrəsi təşkil olunub.
Tədbirdə şəhid ailələri, müharibə veteranları, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri, eləcə də müxtəlif dövlət və ictimai qurumların təmsilçiləri iştirak ediblər. İftar mərasimindən əvvəl Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, onların ruhuna dualar oxunub.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov müqəddəs Ramazan ayının insanları xeyirxahlığa, mərhəmətə, qarşılıqlı yardıma və mənəvi saflığa səslədiyini qeyd edib. Bildirilib ki, bu müqəddəs ay cəmiyyətimizdə birlik, həmrəylik və humanizm kimi ali dəyərlərin daha da möhkəmlənməsinə xidmət edir.
İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, Azərbaycan xalqı hər zaman Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğullarının xatirəsini uca tutur və onların ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşır. Qeyd olunub ki, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli və rifah halının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlərin İlham Əliyev tərəfindən müəyyən edilmiş sosial siyasətin mühüm tərkib hissəsi olduğu diqqətə çatdırılıb.
Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğı xüsusi qeyd olunub, həyata keçirilən humanitar layihələrin və sosial təşəbbüslərin cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılandığı bildirilib.
Görüş çərçivəsində şəhid ailələri ilə səmimi söhbət aparılıb, onların qayğı və problemləri ilə yaxından maraqlanılıb, səsləndirilən təklif və müraciətlər diqqətlə dinlənilib. Şəhid ailələri və tədbir iştirakçıları onlara göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını bildiriblər.
Sonda müqəddəs Ramazan ayının ənənələrinə uyğun olaraq iftar süfrəsi açılıb, dualar edilib, ölkəmizin firavanlığı, dövlətimizin gücü və şəhidlərimizin ruhuna rəhmət dilənib.
Tədbir iştirakçıları arasında səmimi ünsiyyət və xoş söhbətlər şəraitində davam edən görüş yüksək mənəvi ovqatda başa çatıb.






