Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “Sağlam Ana – Sağlam Gələcək” adlı Regional Elmi-Praktik Seminar keçirilmişdir.

22 may 2025 | 16:15

22 may 2025-ci il tarixində TƏBİB-in dəstəyi, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə “Ananın körpəsinə verə biləcəyi ilk və ən qiymətli hədiyyə – ana südüdür” devizi altında, Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Sağlam Ana – Sağlam Gələcək” adlı regional elmi-praktik seminar keçirilmişdir.

Seminarın əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014–2020-ci illər üzrə Azərbaycan Respublikasında Uşaqlara dair Dövlət Proqramı”nın 4.7.2-ci yarımbəndinə əsasən hamilə, zahı və gənc analar arasında maarifləndirmə tədbirlərinin keçirilməsi, eləcə də 4.7.1-ci yarımbəndə uyğun olaraq reproduktiv sağlamlıq və ailə planlaşdırılmasının tibbi, sosial və iqtisadi əhəmiyyətinin vurğulanması olmuşdur.

Seminarda Hacıqabul rayonu ilə yanaşı Şirvan, Salyan, Sabirabad, İmişli və Saatlı rayonlarından olan həkimlər və orta tibb işçiləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev cəmiyyətin sağlam inkişafında ana sağlamlığının, ana südünün əhəmiyyəti və sağlam ailə modelinin rolu barədə fikirlərini bölüşmüşdür. O, həmçinin İTS və TƏBİB-in bu sahədə həyata keçirdiyi dəstək layihələri barədə məlumat vermişdir.

Daha sonra Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova qadının cəmiyyətdəki rolu və sağlam qadının ailə və cəmiyyətin formalaşmasında oynadığı əsaslı rolu barədə çıxış etmişdir.

Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ülviyyə İbadova isə qadın hüquqları və onların təmin olunmasının əhəmiyyəti ilə bağlı geniş təqdimatla çıxış etmişdir.

Spikerlərin çıxışları seminar iştirakçıları tərəfindən maraqla qarşılanmış, tədbir sual-cavab sessiyası ilə davam etmişdir.

Bu cür maarifləndirici tədbirlərin təşkili cəmiyyətin ümumi sağlamlıq göstəricilərinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır və gələcək nəsillərin sağlam formalaşmasına təkan verir.

Keçidlər