Hacıqabul rayonunda Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə işin təşkili mövzusunda müşavirə keçirildi.
19.09.2022-ci il tarixdə rayon İcra Hakimiyyətinin Akt zalında həssas qrupa daxil olan Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə işin təşkili mövzusunda müşavirə keçirildi.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov açaraq 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının erməni işğalçıları tərəfindən işğal altında saxlanılmasından, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində işğala son qoyulmasından danışdı.
Bildirildi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalmış, həmçinin ”Vətən müharibəsi”ndə igidlik göstərmiş qazilərimizin ailə üzvlərini narahat edən məsələlərin həllinə yaxından köməklik edilməsi hər birimizin vətəndaşlıq borcudur.
Tədbirdə çıxış edən İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Gülmirzə Süleymanov, İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İƏD üzrə nümayəndələri şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının daim diqqət mərkəzində saxlanıldığını, onları narahat edən məsələlərin həlli istiqamətində səy göstərilməsindən danışıldı.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə mütəmadi görüşlərin təşkil edilməsini və onları narahat edən məsələlərin həlli istiqamətində işlərini günün tələbləri səviyyəsində qurmaları üçün tapşırıq və tövsiyələrini verdi.