Hacıqabul rayonunda “Tibb İşçilərinin Peşə Bayramı günü” nə həsr olunmuş tədbir keçirildi.
17 iyun 2026-cı il tarixində Hacıqabul rayonunda “Tibb İşçilərinin Peşə Bayramı günü” nə həsr olunmuş tədbir keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, İcra Hakimiyyətinin məsul əməkdaşları və rayonun səhiyyə sahəsində çalışan tibb işçiləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoydular. Tədbir daha sonra Heydər Əliyev Mərkəzində davam etdirildi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək onların cəmiyyətin sağlamlığının qorunmasında, əhalinin tibbi xidmətlə təmin olunmasında və insanların həyatının xilas edilməsində göstərdikləri fədakar əməyin dövlət tərəfindən daim yüksək qiymətləndirildiyini vurğuladı. Rayon rəhbəri ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlardan, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edərək, rayonun səhiyyə işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirdə çıxış edən Hacıqabul RMX PHŞ-in direktoru Xəqani Abbasov, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Vəfa Rəhimova, RMX PHŞ-in Terapiya şöbəsinin müdiri Firuzə Bəşirova və Pediatriya şöbəsinin müdiri Əligüllah Qənbərov göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə öz minnətdarlıqlarını bildirdilər, səhiyyə sahəsində çalışan insanların cəmiyyət üçün əhəmiyyətindən, onların məsuliyyətli və şərəfli fəaliyyətindən söz açdılar, onlara gələcək işlərində uğurlar arzuladılar.
Sonda səhiyyə sahəsində fərqlənən bir qrup tibb işçisinə fəxri fərmanlar təqdim olundu.






