Hacıqabul rayonunda “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi”nə həsr olunmuş geniş tədbir keçirildi.
XX əsr Ümumdünya tarixinin nadir şəxsiyyətlərindən biri olan, öz həyat salnaməsi ilə Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan, öz millətinə, xalqına həmişə sədaqətlə xidmət edən və bu xidmətləri ilə Azərbaycanlıların qəlbində, yaddaşında əbədiləşən Heydər Əliyevin anadan olmasının 100-cü il dönümüdür.
Bu münasibətlə Hacıqabul rayonunda silsilə tədbirlər keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə, təşkilatların kollektivləri, eləcə də rayonun aktiv sakinlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb. Sonra iştirakçılar Hacıqabul rayon Heydər Əliyev Mərkəzini ziyarət edərək, dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlara tamaşa ediblər.
Rayon Mədəniyyət Mərkəzində davam etdirilən geniş tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olunub. Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş geniş məruzə ilə çıxış edib.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyatını əks etdirən film nümayiş etdirilib.