Hacıqabul rayonunda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyaşar lider” adlı dəyirmi masa keçirildi.
11 dekabr 2024-cü il tarixində Hacıqabul rayonunda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyaşar lider” adlı dəyirmi masa keçirildi. İlk öncə Ulu Öndər Heydər Əliyevin və müstəqilliyimiz, azadlığımız və suverenliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin iradəsi, böyük dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi ilə müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasına, dünyəvi, hüquqi dövlətin qurulmasına nail olunmuşdur. Ulu Öndərin haqq-ədalət uğrunda qətiyyətli mübarizəsi onun layiqli siyasi varisi Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun şücaəti sayəsində 44 günlük vətən müharibəsində ərazi bütövlüyümüz bərpa edilmiş və tarixi zəfərə imza atılmışdır.
YAP rayon təşkilatının sədri İsmayıl İbrahimov çıxış edərək qeyd etdi ki, Heydər Əliyevin siyasi kursunu ,əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dayanıqlı inkişaf, daxili sabitlik və əminamanlıq yaratmaqla yanaşı Azərbaycan dövlətini bütün dünyada layiqincə təmsil etməyə qadir olduğunu nümayiş etdirir.
Hacıqabul şəhər 8 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Xuraman Talıbova, Hacıqabul Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin şöbə müdiri Əligüllah Qənbərov, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Həcərxanım Nəzərova çıxış edərək bildirdilər ki, Müstəqilliyin ilk illərində həlli çətin görünən problemlərlə üzləşmiş Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Belə bir vaxtda Ulu Öndər Heydər Əliyevin ali qanunvericilik orqanına sədr seçilməsi ölkə həyatında çox mühüm bir hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı. Heydər Əliyev qətiyyəti, onun səriştəsi və bacarığı, xalqın bu böyük şəxsiyyətin ətrafında yumruq kimi birləşməsi sayəsində müstəqilliyini xilas edən, həqiqi müstəqilliyinə qovuşan Azərbaycan bu gün sürətlə inkişaf edən ölkələrdən biridir.