Hacıqabul rayonunda Vətən Müharibəsi Şəhidi Tağıyev Röyal Tağı oğlunun xatirəsi doğum günündə anılıb.
Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində anadan olmuş, Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış Tağıyev Röyal Tağı oğlunun xatirəsi onun doğum günündə məzarı önündə anılıb.
Xatirə tədbirində rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhidin dostları, ailə üzvləri iştirak etmişdir.
Qubalıbalaoğlan kənd qəbiristanlığında Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə tər qərənfillər düzülmüşdür. Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açılıb. Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov Şəhidin valideynlərinə baş sağlığı verdi, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən söhbət açdı. Bu gün Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara Ölkə Rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısından danışdı. Şəhid ailələrinin qayğılarının hər zaman dövlət başçının diqqətində olduğu vurğulandı.
Tağıyev Röyal Tağı oğlu 05.10.2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Göstərdiyi qəhrəmanlıqlara görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” , 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” , “Cəsur döyüşçü” , “Xocavəndin azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Sonda Şəhidlərin ruhuna dualar oxundu.