Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

26 fevral 2026 | 14:38

26 fevral 2026-cı il tarixində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə anım mərasimi keçirilmişdir. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak etmişdir.

Mərasim iştirakçıları ilk öncə Şəhidlər xiyabanında “Xocalı faciəsi” qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini böyük hörmətlə andılar.

Daha sonra Hacıqabul rayon Mədəniyyət Mərkəzində rayonun mədəniyyət işçilərinin iştirakı ilə “Xocalı nişanəsi” adlı ədəbi-bədii kompozisiya nümayiş olundu.  Kompozisiyada 1992-ci il fevralın 26-da törədilmiş bu qanlı faciənin  Azərbaycan tarixində ən dəhşətli hadisələrdən biri olduğu əks olunmaqla yanaşı, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, vətənə, torpağa məhəbbət hissinin böyük vüsət alması və onların düşməndən qisas alaraq qələbəyə doğru inamla addımladığı göstərilirdi.

Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

"Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq, gələcək nəsillərə milli birliyin, mübarizə əzminin və ədalət uğrunda mübarizənin simvolu kimi ötürüləcəkdir. Bu gün azad Xocalıda dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin ruhunu ucaldır, xalqımızın tarixi ədalətə qovuşduğunu göstərir. Hər birimiz bu faciəni unutmadan, milli həmrəyliyimizi daha da gücləndirməli, Vətənimizin inkişafı və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsi üçün çalışmalıyıq."

Saat 17:00-da Azərbaycan Respublikasının ərazisində, həmçinin Hacıqabul rayonunda “Xocalı faciəsi” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Allah bütün şəhidlərimizə rəhmət etsin !

Keçidlər