Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun Hesabatı
2014-cü ilin birinci yarısında Hacıqabul rayonunun sosial-iqtisadi
inkişafının yekunları barədə rayon
İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun
HESABAT MƏRUZƏSİ
Sürətli inkişaf yolu keçən müstəqil Azərbaycanın ictimai həyatının bütün sahələrində əldə etdiyi uğurlar əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən fəaliyyət strategiyasına əsaslanır. İqtisadi, siyasi və hüquqi islahatların paralel şəkildə həyata keçirilməsi yolu ilə reallaşdırılan bu strategiya ölkəmizi ən yaxın perspektivdə inkişaf etmiş dövlətlər səviyyəsində addımlamağa xidmət edir.
İyul ayının 10-da Azərbaycan Respublikasının Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin sürətlə inkişafı, nəzərdə tutulan bütün vəzifələrin uğurla icrası möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bir daha diqqətə çatdırılmışdır.
Dövlət başçımızın qeyd etdiyi kimi ölkəmiz bütün sahələrdə uğurla irəliyə getmiş, iqtisadiyyatımız 2,1% artmışdır. Cari ilin birinci yarısında qeyri-neft sektoru 7% artmış, o cümlədən kənd təsərrüfatında artım təxminən 6%-dən çox olmuşdur.
Ölkəmizdə ötən 6 ayda əhalinin pul gəlirləri 4.7% artmış, inflyasiya isə cəmi 1,6% olmuşdur. Əhalinin pul gəlirləri inflyasiyanı demək olar ki, 3 dəfə üstələmişdir.
Bu ilin birinci yarısında valyuta ehtiyatlarımız artaraq 54 milyard dollara çatmışdır. İlin birinci yarısında Azərbaycanda orta əmək haqqı artaraq 440 manata çatmışdır.
Dünyanın bir nömrəli iqtisadi forumu olan Davos Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabət qabilətliliyinin reytinq cədvəlində Azərbaycanı yüksək qiymətləndirərək 39-cu yerdə yerləşdirib ki, bu gənc müstəqil ölkə üçün böyük göstəricidir.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş „Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra olunaraq ölkəmizin bütün bölgələrinin simasını kökündən dəyişdirmişdir və 27 fevral 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında” qarşıya qoyulmuş məqsədlərin reallaşması, nəzərdə tutulmuş bütün layihələrin vaxtında və uğurla yerinə yetirilməsi nəticəsində iqtisadi rayonlar yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır. Artıq sayca üçüncü olan bu regional inkişaf proqramında nəzərdə tutulan infrastruktur və sosial məsələlərin həlli istiqamətində işlərə başlanılmış və bu işlər uğurla həyata keçirilir. 2014-cü ilin birinci yarısında respublikamızın digər regionları kimi Hacıqabulda da mühüm işlər görülmüş və tədbirlər həyata keçirilmişdir.
2014-cü ilin birinci yarısında rayonda aparılmış işlər və tədbirlər barədə bir qədər geniş məlumatı nəzərinizə çatdırmaq istəyirəm.
2014-cü ilin birinci yarısında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 110.2 milyon manat olmuşdur. Bu ilin 6 ayında sənaye məhsulunun həcmi 2,1 milyon manat, kənd təsərrüfatı məhsulunun həcmi 54,1 milyon manat, tikinti quraşdırma işlərinin həcmi 26,6 milyon manat, ticarətdə məhsul buraxılışının həcmi 25.8 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışının həcmində sənayedə 10,8%, kənd təsərrüfatında 23 %, ticarətdə 9,7 % artım müşahidə edilmişdir.
Bu müddətdə rabitə xidmətinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 49.2 min manat və ya 24,1 % artaraq 253.5 min manata, avtomobil nəqliyyatı ilə yük daşınmasının həcmi 3 min ton və ya 2,9% artaraq 108 min tona, sərnişin daşınması isə 128 min sərnişin və ya 5,7% artaraq 2 milyon 374 min nəfər olmuşdur.
Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 6 milyon manat və ya 8.8 % artaraq 74,0 milyon manata ,ictimai iaşə dövriyyəsi 119 min manat və ya 9.4% artaraq 1260.0 min manata, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1976.6 min manat və ya 19,5% artaraq 12 134.5 min manata çatmışdır.
2014-cü ilin birinci yarısında Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 27 253,7 min manat təşkil etmişdir.
İqtisadiyyatımızın əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının dinamik inkişaf etdirilməsinə, sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.
2014-cü ilin məhsulu üçün 12 539 hektar taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 307 hektar artıqdır. Taxıl əkininin 6415 hektarını buğda, 6124 hektarını isə arpa əkini təşkil edir. 12 539 hektar taxıl sahəsindən 37 422 ton məhsul əldə edilmişdir ki, bu da ötən ilin məhsulu ilə müqayisədə 880 ton çoxdur. İstehsal olunmuş taxılın 22 213 tonunu buğda, 15 209 tonunu arpa təşkil edir. Hər hektara düşən məhsuldarlıq 29,8 sentner təşkil etmişdir.
2014-cü ilin birinci yarısında 1579 hektar sahədə bostan, 761 hektar sahədə tərəvəz, 75 hektar sahədə günəbaxan, 150 hektar sahədə qarğıdalı ,38 hektar sahədə kartof, 362 hektar sahədə yonca olmaqla cəmi 2965 hektar sahədə yazlıq əkin aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18 hektar çoxdur.
2014-cü ilin birinci yarısında 5270 ton tərəvəz, 2096 ton meyvə, 418 ton kartof istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz istehsalı 120 ton, meyvə və kartof istehsalı isə 1 ton çox olmuşdur.
Rayonda heyvandarlıq məhsullarının istehsalında da nəzərəçarpacaq artım qeydə alınmışdır. Bu ilin birinci yarısında süd istehsalı 9810 ton, ət istehsalı 4264 ton, yun istehsalı 224 ton olmuşdur. Ötən ilin 6 ayı ilə müqayisədə süd istehsalında 388 ton və ya 4,1%, ət istehsalında 1273 ton və ya 42,6%, yun istehsalında 1 ton və ya 0.5% artım qeydə alınmışdır. Hesabat dövründə yumurta istehsalı 149.4 milyon ədəd olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 30.6 milyon ədəd və ya 26% çox olmuşdur.
Rayon üzrə iribuynuzlu heyvanların baş sayı bu ilin birinci yarısında 512 baş artaraq 37 398 başa, xırda buynuzluların sayı isə 1908 baş artaraq 133 310 başa çatmışdır.
Respublika Prezidenti cənab İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında 23.01.2007-ci il tarixli sərəncamının icrası ilə bağlı rayon İcra Hakimiyyəti müvafiq tədbirlər görür.
„Aqrolizinq” vasitəsi ilə bu ilin birinci rübündə kənd əməkçilərinə 67,9 ton güzəştli qiymətlərlə mineral gübrə satılmışdır. Rayonda 2014-cü il üçün əkilmiş buğda məhsulunun istehsalçılarına cəmi 710 nəfərə 154 448 manat dövlət yardımı verilmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası olaraq 2007-ci ildə tikintisinə başlanılmış, mənbəyi Ağsu rayonu ərazisində yuxarı Şirvan kanalının qolundan su götürən su keçirmə qabiliyyəti 5 kub/san olan Hacıqabul magistral beton kanalının 23,9 km-i, Padar magistral kanalının isə 9,8 km-i tikilərək başa çatdırılaraq istismara verilmişdir. Hal-hazırda bu kanal vasitəsilə Padar-Qarasu ərazisində 2000 ha-ya yaxın həyətyanı və əkin sahələri suvarma suyu ilə təmin edilir.
Yaxın gələcəkdə kanalın tikintisi davam etdirilməklə rayonun Padar-Qarasu-Muğan ərazisində 5560 ha əkinə yararlı sahələrdə kompleks meliorasiya işlərinin aparılması həyata keçiriləcək və bundan əlavə həmin kanal vasitəsilə rayon ərazisində 1625 ha dövlət fond torpaqlarında yaradılmış taxılçılıq təsərrüfatı da suvarma suyu ilə təmin ediləcəkdir.
Hal-hazırda Pirsaat su anbarının su hövzəsində genişləndirmə işləri aparılır ki, bunun nəticəsində anbarın su tutumu əlavə olaraq 1,5 mln.kub metr artırılacaqdır. Bu tədbir Qubalıbaloğlan, Rəncbər, Navahı, Qızılburun və Atbulaq kəndlərini əhatə edən 7000 ha əkin sahələrinin su təminatını xeyli yaxşılaşdıracaqdır və bu da həmin ərazilərdə kənd təsərrüfatı əkinlərinin məhsuldarlığının artmasına səbəb olacaqdır.
Əkinlərin su təminatının yaxşılaşması üçün rayon Suvarma Sistemləri İdarəsi tərəfindən cari ilin I yarısında 151,7 km-ə yaxın təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir.
Cari ildə Kolanı kəndi ərazisində şor suların ötürülməsi məqsədilə nasos stansiyanın tikintisi nəzərdə tutulmuşdur. Hal-hazırkı vəziyyətə nasos stansiyasının binasının tikintisi başa çatdırılıb və aqreqatların quraşdırılması işləri həyata keçirilir.
Təqdirəlayiq haldır ki, Bakı şəhərində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkasında rayonumuzun sahibkarları da yaxından iştirak edirlər. Təkcə bu ilin birinci rübündə təsərrüfatlarımızdan Bakı əhalisinə 4,6 ton mal əti, 1 milyon 250 min ədəd yumurta, 8,7 ton meyvə, 8,9 ton toyuq əti satışı təşkil olunmuşdur.
Respublika Prezidenti cənab İlham Əliyev gündəlik fəaliyyətində ekoloji məsələləri də daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə həyata keçirilən tədbirlər sırasında yeni yaşıllıqların salınması, onun qorunması və artırılması mühüm yer tutur. Möhtərəm Prezidentimizin bu sahəyə tükənməz qayğı və diqqəti hamımızı bundan sonra da ətraf mühitin sağlamlaşdırılması, xüsusi ilə yeni yaşıllıqların salınması istiqamətində fəaliyyətimizi artırmağa sövq edir. Diqqətinizə çatdırıram ki, şəhərdə, rayonun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma kompaniyası 2014-cü ilin birinci yarısında da davam etdirilmişdir. Təkcə şəhərdə 6000 ədəd ağac və 12000 ədəd gül kolları əkilmiş və onlara aqrotexniki qaydada qulluq hal-hazırda da davam etdirilir.
2014-cü ilin birinci yarısında rayonda da tikinti, quruculuq və abadlıq işləri davam etdirilmişdir.
Hesabat dövründə Navahı qəsəbəsində 1 saylı tam orta məktəbində bərpa gücləndirmə işləri tam başa çatdırılaraq istismara verilmişdir. Ağacanlı kənd 80 şagird yerlik tam orta məktəbinin tikintisi başa çatdırılmışdır. Hacıqabul şəhər 2 saylı 220 şagird yerlik tam orta məktəbinin tikinti quraşdırma işləri davam edir.
Heydər Əliyev fondu hesabına tikilən Hacıqabul şəhər 440 şagird yerlik 3 mərtəbəli və Navahı qəsəbəsi 200 şagird yerlik 2 mərtəbəli tam orta məktəblər istismara qəbul olunmuşdur.
Rayonda Yaponiyanın Azərbaycandakı səfirliyinin vəsaiti hesabına Navahı kənd həkim məntəqəsi tikilib istifadəyə verilmişdir.
Şəhərin Ə.Vahid küçəsinə 280 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qat verilmiş və 1402 kv.metr yola xırda dənəli asfalt-beton qarışığından 6 sm qalınlığında örtük qoyulmuşdur. B.İbrahimov küçəsinə 525 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qat düzəldilmiş, 2624 kv metr xırda dənəli asfalt-beton qarışığından 6 sm qalınlığında üst qat verilmişdir.
Hacıqabul rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə daxili imkanlar hesabına tikilən əl oyunları meydançasının tikintisi başa çatdırılmış, 450 yerlik təbii ot örtüklü stadionun və güləş növləri ilə məşğul olmaq üçün idman zalının tikintisi davam etdirilir.
Rayonun Qızılburun qəsəbəsi ərazisində məktəb və bağça binalarında yerləşmiş məcburi köçkün ailələri üçün kompleks şəklində 101 fərdi yaşayış evinin tikintisi davam edir.
Navahı qəsəbəsində məskunlaşmış Axısxa türk ailələri üçün 17 fərdi yaşayış evinin tikintisinə başlanılmışdır.
Meyniman kəndi ərazisində 15 mesxeti türk ailələrinə həyətyanı torpaq sahəsi ayrılmış və yaxın vaxtlarda fərdi yaşayış evlərinin tikintisinə başlanılacaqdır.
Padar qəsəbəsində 1,5 km yolun qum-çınqıl tökülərək hamarlanması və kənd arası 2 km su arxlarının lildən təmizlənməsi, Qubalıbaloğlan kəndində 1,8 km yola qum-çınqıl tökülərək hamarlanması və 2,5 km su arxının lildən təmizlənməsi, Qarasu kəndində yolun çalalarının qum-çınqılla doldurulması, içməli su xətlərinin təmiri, korroziyaya uğramış 800 metr su borusunun təmiri, Navahı kəndində örüş sahələrinə keçmək üçün mövcud körpünün və 280 metr su xəttinin təmiri işləri görülmüşdür.
Pirsaat və Navahı qəsəbələrində qaçqınların yaşayış məntəqəsində yollara 180 m qum-çınqıl qarışığından hamarlayıcı qat verilmişdir.
Muğan-Talış avtomobil yoluna 311 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qat düzəlmişdir.
Sahibkarlıqla məşğul olmaq üçün 9 obyektin tikintisinə Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən sərəncam verilmişdir.
Əsas kapitala yönəldilmiş investisiya dövlət büdcəsi vəsaiti hesabına 2 800 900 manat, yerli büdcədən 697 500 manat olmaqla ümumilikdə 2 898 400 manat təşkil etmişdir.
Hesabat dövründə rayonun elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Belə ki, Talış və Abdulabad kəndlərində sayğaclaşma işləri ilə əlaqədar olaraq 461 abonentə smart tipli sayğac quraşdırılmış, 14,2 km məsafədə yeni SİP kabel xətti çəkilmişdir.
Hacıqabul EŞ-si 2014-cü ilin birinci yarısında 88 360 422 kvt.saat enerji almışdır. Satışa ötürülən enerji 66 954 645 kvt.s-dir. Dəyəri isə 4 005 803,51 manat olduğu halda pul gəliri 2 117 435,36 manat olmuş, rayon üzrə ümumi yığım 52,9% təşkil etmişdir. Bunlardan əhaliyə ötürülən enerji 21 846 428 kvt.s-dir, bunun da dəyəri 1 310 785,68 manat olmuş, toplanan vəsait isə 919 215,43 manat olmaqla verilən enerjinin 70,1% təşkil etmişdir.
01 yanvar 2014-cü il vəziyyətinə rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təmin olunması başa çatdırılmışdır. Hal-hazırda Qızılburun kəndi ərazisində məcburi köçkünlər üçün yeni salınmaqda olan qəsəbənin qaz təchizatı ilə təminatı həyata keçirilir. Artıq qəsəbəyə daşıyıcı D-108 mm-lik qaz kəməri çəkilmişdir.
Hacıqabul Qaz İstismar sahəsi magistral qaz kəmərlərindən 2014-cü ilin 6 ayı ərzində 19 240 385 kub metr həcmində qaz qəbul etmiş, istehlakçılara isə 16 970 408 kub metr həcmində qaz satılmışdır. Təbii qazın ödənişi 100% təşkil edilmişdir.
Hesabat dövründə Abdulabad kəndində yüksək keyfiyyətli separator qaz təmizləyici qurğusu quraşdırılmışdır. Həmin separator qurğusunun köməyi ilə qazın tərkibində olan qatışıq maddələr təbii qazdan ayrılır və abonentlər təhlükəsiz mavi yanacaqdan istifadə edirlər. 2014-cü ilin birinci yarısında görülmüş profilaktik işlər nəticəsində rayon ərazisində dəm qazından boğulma və qazdan yanğın hadisəsi qeydə alınmamışdır.
2014-cü ilin birinci yarısında əhaliyə və qeyri əhaliyə 667 520 kub metr, yəni 489 351 manatlıq su satılmışdır. Su pulunun ödənişi 548 809 manat olmaqla verilmiş suyun məbləğinin 112,2 %-ni təşkil etmişdir.
Hacıqabul şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işlərində layihəyə əsasən 105.535 metr kanalizasiya xəttindən 26156 metri, 115.988 metr su xəttindən 106 704 metri çəkilmişdir. Nəzərdə tutulan 4500 ədəd smart tipli sayğacların 2350 ədədi quraşdırılmışdır. Şəhərətrafı dağlıq massivdə 2500 kubluq anbarın tikintisi başa çatmaq üzrədir. Hal-hazırda son tamamlanma işləri aparılır.
2014-cü ilin birinci yarısında Hacıqabul Telekommunikasiya Qovşağında da müəyyən işlər görülmüşdür. Hacıqabul şəhərinin S.Vurğun küçəsində 768 nömrə tutumlu yeni EATS quraşdırılaraq istifadəyə verilmişdir. Muğan kənd EATS-də mövcud tutuma 208 nömrə əlavə edilərək müvafiq avadanlıqlar quraşdırılmışdır. Hesabat dövründə telefon çəkilişi 340 ədəd artaraq telefon istifadəçilərinin sayı 6270-ə, İnternet istifadəçilərinin sayı isə 450 ədəd artaraq 2250-ə çatdırılmışdır.
Rayonun təhsil, səhiyyə, mədəniyyət və idman sahəsi rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılır. Hesabat dövründə rayonda 32 ümumtəhsil məktəb, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Rayon Təhsil şöbəsi öz fəaliyyətində Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyətinin göstəriş və sərəncamlarını əsas tutmuş və “Təhsil Qanunu”nun həyata keçirilməsi üçün rayonun pedaqoji kollektivlərini səfərbər etmişdir.
Cari ilin 6 ayı ərzində rayon Təhsil şöbəsi tərəfindən rayonun təhsil müəssisələrində yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi və eləcə də istedadlı gənclərin aşkara çıxarılması sahəsində məqsədyönlü işlər aparılmışdır. Bu məqsədlə rayonda müxtəlif seminarlar, inşa, rəsm və şer müsabiqələri, dəyirmi masalar və sair tədbirlər keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi ilə bağlı rayonun ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilmişdir. Ümummilli lider H.Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.
20 Yanvar, 26 fevral Xocalı faciəsi, 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı rayonun ümumtəhsil məktəblərində müxtəlif səpkili tədbirlər həyata keçirilmişdir.
Şagirdlərin bilik səviyyəsinin artırılması məqsədilə müxtəlif fənn olimpiadaları, bilik yarışları təşkil olunmuşdur.
Rayon Təhsil şöbəsi tərəfindən rayonun ümumtəhsil məktəblərində məktəbi bitirən şagirdlərin ali məktəblərə qəbulu ilə bağlı işlər davam etdirilmişdir. İyun ayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdlərinin mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilmişdir. İmtahanların mütəşəkkil keçirilməsi üçün rayon İcra Hakimiyyəti tərəfindən hər cür köməklik göstərilmişdir.
Hesabat ilində rayonun məktəbdənkənar müəssisələrinin də müəyyən uğurları olmuşdur. Belə ki, Təhsil və Fövqəladə Hallar Nazirliklərinin birgə təşkil etdiyi “Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsi çərçivəsində bütün nominasiyalarda rayonun ümumtəhsil məktəblərinin şagirdləri fəal iştirak etmişdir.
Müsabiqənin respublika mərhələsində 1 nəfər şagird “Yumşaq oyuncaqlar” nominasiyası üzrə III yeri tutmuş, Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Fəxri Fərmanı ilə, 1 nəfər şagird isə fəal iştirakına görə Fövqəladə Hallar Nazirliyinin Diplomu ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezident Administrasiyasının tapşırığına əsasən ölkənin ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə müasir Azərbaycan tarixinin daha səmərəli öyrədilməsini təmin etmək məqsədilə Heydər Əliyev Mərkəzlərində nümunəvi dərslərin keçirilməsi nəzərdə tutulmuşdur. Tapşırığa uyğun olaraq Respublikanın Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial iqtisadi inkişafının təminatçısıdır” mövzularının cari ilin fevral-may aylarında tədris edilməsi nəzərdə tutulmuşdur.
Rayonun ümumtəhsil məktəblərində fənlərin tədrisinin keyfiyyətini, dərslərdə müasir təlim metodlarından istifadə olunmanın səviyyəsini yüksəltmək, habelə müəllimlərin yaradıcılıq imkanlarını inkişaf etdirmək məqsədilə 2014-cü ilin fevral ayında “Azərbaycan tarixi aylığı” elan edilmişdir. Aylıq çərçivəsində rayonun ümumtəhsil məktəblərində 10-larla tədbir keçirilmiş, 4 adda müsabiqə keçirilmiş, tarix müəllimlərinin nümunəvi dərsləri təşkil olunmuşdur. Aprel ayında aylığın yekunlarına həsr olunmuş konfrans keçirilmiş, aylığa hərtərəfli yekun vurulmuş, müsabiqə qalibləri mükafatlandırılmışdır.
2014-cü ilin 6 ayı ərzində mövcud məktəb binalarının əsaslı təmir olunması, yeni təhsil müəssisəsi binalarının tikilməsi, müasir inventar avadanlıqlarla təchiz olunması ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılmışdır. 2014-cü ilin 6 ayı ərzində rayonun şəhər 2 saylı tam orta məktəbi üçün 220 şagird yerlik və Ağacanlı kənd tam orta məktəbi üçün 80 şagird yerlik yeni məktəb binalarının tikintisi davam etdirilmişdir. Navahı qəsəbə 1 saylı tam orta məktəbdə bərpa gücləndirmə və əsaslı təmir işləri başa çatdırılmış və şagirdlərin istifadəsinə verilmişdir. Bundan əlavə Heydər Əliyev Fondunun dəstəyi ilə Navahı qəsəbə 2 saylı tam orta məktəbi üçün 200 şagird yerlik və rayon mərkəzində yeni 500 şagird yerlik məktəb binalarının tikintisi başa çatmış və may ayında həmin məktəb binalarının açılışı olmuşdur.
Rayonun tibb şəbəkəsi 91 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 15 çarpayılıq Udullu kənd sahə xəstəxanası, 10 kənd Həkim məntəqəsi, 12 tibb məntəqəsi, Uşaq Tibb Mərkəzi, Dəmir yol xəstəxanası və Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir.
Mərkəzi Rayon Xəstəxanasında əhaliyə 55 həkim, 177 nəfər orta tibb işçisi xidmət edir. Rayon üzrə 26,0 nəfər həkim vəzifəsi vakantdır.
Hesabat dövründə Mərkəzi Rayon xəstəxanasında qospitalizə olunmuş xəstələrin sayı 2266 nəfər olmuş, keçirilmiş çarpayı günlərinin sayı isə 23905 gün olmuşdur. Ambulator gəlişlərin sayı 152507 nəfər təşkil etmişdir.
2014-cü ilin 6 ayı ərzində xəstəxanada 24 nəfər ilkin onkoloji xəstə kimi qeydiyyata götürülmüş, hazırda 153 nəfər onkoloji xəstə dispanser qeydiyyatındadır. Xəstəxanada həmçinin bu dövrdə 87 nəfər şəkərli diabet xəstəsi qeydə alınmışdır ki, hal-hazırda bu qəbildən olan 1021 nəfər xəstə dispanser qeydiyyatına alınmışdır. 6 nəfər talassemiyalı xəstə qeydiyyata götürülmüş, ümumilikdə 20 nəfər dispanser qeydiyyatındadır.
Hesabat dövründə 19 nəfər vərəmli xəstə qeydə alınmışdır.
Bu dövr ərzində doğuşların sayı 553 nəfər olmuşdur. Ev doğuşları olmamışdur. 118 qeysəriyyə əməliyyatı aparılmışdır.
2014-cü ilin 6 ayı ərzində cərrahı şöbədə 107 cərrahiyyə əməliyyatı aparılmışdır.
Cərrahiyyə əməliyyatından sonra ölüm olmamışdır. Hacıqabul Dəmiryolu xəstəxanasında 20 çarpayılıq terapiya şöbəsi, 20 çarpayılıq cərrahiyyə şöbəsi, 20 çarpayılıq doğum şöbəsi fəaliyyət göstərir. Hesabat dövründə xəstəxanada 247 nəfər xəstə qeydiyyata alınmışdır. Xəstəxanada aparılan cərrahiyyə əməliyyatlarının sayı 47 ədəd, poliklinikaya ambulator gəlişlərin ümumi sayı 13485 nəfər olmuşdur.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi hesabat dövründə Azərbaycan Respublikası “Sanitariya-Epidemoloji Salamatlıq haqqında” Qanuna uyğun olaraq gigiyenik tədbirlərin yerinə yetirilməsi üzərində Dövlət Sanitariya nəzarətini həyata keçirmişdir. Belə ki, rayon ərazisində fəaliyyət göstərən yeyinti məhsulları istehsal edən müəssisələrdə, pərakəndə satış və topdan satış, ictimai-iaşə obyektlərində müntəzəm sanitar müayinələr aparmış, aşkar olunmuş nöqsanlar barədə cavabdeh şəxslərə xəbərdarlıq olunmuşdur. İstifadə müddəti bitmiş 21,5 kq müxtəlif adda yeyinti məhsulları satışdan çıxarılmışdır.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hesabat dövründə 54 nəfər fiziki şəxslərə tibbi müayinə kartı verilmişdir.
Rayonda 2014-cü ilin 6 ayı ərzində xüsusi təhlükəli infeksiyalar və quduzluq xəstəliyi qeydə alınmamışdır. Malyariya xəstəliyini aşkar etmək məqsədilə 2374 qan preparatı parazitoloji laboratoriyada müayinə edilmişdir.
Rayon Mədəniyyət və Turizm Şöbəsində 21 klub müəssisəsi, o cümlədən 1 rayon, 7 kənd mədəniyyət evi, 2 şəhər, 11 kənd klubu, Mərkəzi Kitabxanalar Sistemi üzrə 27 müstəqil kitabxana müəssisələri, Tarix-Diyarşünaslıq muzeyi, Heydər Əliyev mərkəzi, 7 illik şəhər Uşaq Musiqi məktəbi və 14 arxeoloji tarixi abidələr fəaliyyət göstərir.
Hesabat dövründə rayonun mədəniyyət müəssisələrində bir çox tədbirlər, o cümlədən “Yeni il şənliyi”, “Qanlı Yanvar 1990”, “Xocalı soyqırımı”, “8 Mart Beynəlxalq Qadınlar günü”, “Novruz şənlikləri”, “31 Mart Azərbaycanlıların soyqırımı günü”, ”Beynəlxalq Uşaqların müdafiəsi” günü, ”Milli Qurtuluş” günü, kitab və foto sərgilər, kompozisiyalar, konsertlər və s tədbirlər keçirilmişdir.
Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi ilə bağlı rayonun mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilmişdir.
2014-cü ilin 6 ayı ərzində rayon Mərkəzi Kitabxanalar Sisteminin xidmətindən ümumilikdə 8 min nəfər oxucu istifadə etmişdir. Rayon Tarix –Diyarşünaslıq muzeyində 63 qrup tərkibində 1497 nəfər ekskursiyaçı qəbul edilmişdir.
Hesabat dövründə Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar “20 yanvar qan yaddaşımız”, Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ”Heydər Əliyev fenomeni”, 15 iyun Milli Qurtuluş günü münasibəti ilə “Xalqın xilaskarı” adlı mühazirələr, məruzələr, dəyirmi masalar və sonda “Şəxsiyyət” video çarx nümayiş olunmuşdur. Heydər Əliyev irsinin öyrənilməsi məqsədi ilə “Heydər Əliyevin ideyaları, “Tarix aylığı”, ”Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” adlı mühazirələr və “Əbədiyyət yolu”, Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər nümayiş olunmuşdur.
Rayon Gənclər və İdman İdarəsi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərlə işin təşkili istiqamətində müəyyən işlər görmüşdür. Hesabat dövründə idarə tərəfindən gənclər sahəsi üzrə 3353 nəfərin iştirakı ilə 24 tədbir, idman sahəsində isə 8 tədbir keçirilmişdir ki, bu tədbirlərə 545 nəfər yeniyetmə və gənc cəlb olunmuşdur.
Dövlət başçımızın qeyd etdiyi kimi iqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artması xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.
Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.2 manat artaraq 266.4 manat təşkil etmişdir. Rayonumuzda işləyən iqtisadi fəal əhalinin sayı 36.9 min nəfər olmuşdur ki, bu da rayon əhalisinin 52,2 %-ni təşkil edir. Məşğul əhalinin 15,4 %-i dövlət sektorunda, 84,6 %-i isə qeyri dövlət sektorunda çalışır.
Hesabat dövründə rayonda 7186 nəfər əmək pensiyaçısına xidmət edilmişdir. 311 ailəyə 1430 ailə üzvü olmaqla ünvanlı sosial yardım təyin olunmuşdur. Ümumilikdə aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımı alanlar 1328 ailə olmaqla 6087 nəfər ailə üzvlərini birləşdirir.
Rayon əhalisinin ümumi pul gəliri 132,6 milyon manata çatmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 milyon manat və ya 1,4% artım təşkil edir.
Bu ilin birinci yarısında rayon Məşğulluq Mərkəzinə 252 nəfər işaxtaran kimi müraciət etmiş, onlardan 202 nəfəri işlə təmin olunmuşdur, 30 nəfərə işsiz statusu verilmişdir. Hesabat dövründə rayonun idarə və müəssisələrində 168 iş yeri açılmışdır ki, bunlarda da 124-i daimi iş yerləridir.
Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.
Hesabat dövründə tərəfimizdən 14 nəfər Qarabağ müharibəsi əlilinə daxili imkanlar hesabına hər ay 40 manat həcmində vəsait verilməsi davam etdirilmişdir, 300 şəhid və digər imkansız ailələrə Novruz bayramı münasibətilə 7500 manat verilmişdir. Ümumilikdə ilin birinci yarısında rayon İcra Hakimiyyəti tərəfindən 458 nəfərə 32260 manat məbləğində maddi yardım və köməklik göstərilmişdir.
Rayon ərazisində məskunlaşan 124 ailə olmaqla 423 nəfər qaçqın, 425 ailə olmaqla 1605 nəfər köçkün ailələrinə rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət və qayğı göstərilmiş, onların sosial problemlərinin imkan daxilində həll edilməsinə səy göstərilmişdir.
2014-cü ilin birinci yarısında rayon büdcəsinin gəlir hissəsi 2 064 581 manat proqnoza qarşı 2 157 512 manat olmaqla 105,6% icra olunmuşdur.
Rayon büdcəsinin xərcləri 5 milyon 517 min 618 manat təyinata qarşı 4 milyon 89 min 711 manat olmaqla 74,1 % icra edilmişdir.
Rayonda qanunçuluğun gücləndirilməsi, hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüququ və azadlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılmışdır.
2014-cü ilin 6 ayı ərzində 80 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılması 90.1% təşkil edir.
6 ay ərzində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları ilə əlaqədar 24 cinayət faktı aşkar edilmişdir. Dövr ərzində qanunsuz dövriyyədən ümumilikdə 295,937 qram çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür.
Rayon ərazisində 227 nəfər şəxs narkoman kimi dispanser qeydiyyatına 55 nəfər şəxsi isə profilaktiki qeydiyyata götürülmüşdür.
Rayon Prokurorluğunda 01.01.2014-cü il tarixə 3 cinayət işi qalıq qalmış, hesabat dövründə icraata 5 cinayət işi qəbul edilmiş, beləliklə ümumi işlərin sayı 8 olmuşdur. Həmin işlərindən 5-i rayon prokurorluğu tərəfindən başlanmışdır. İcraatda olan cinayət işlərindən 4-nün ibtidai istintaqı tamamlanmış, 01.07.2014-cü il tarixə isə 4 cinayət işi qalıq qalmışdır. İstintaqı tamamlanmış cinayət işlərinin 3-nün icraatına xitam verilmişdir.
2014-cü ilin 6 ayında rayon Qeydiyyat şöbəsində 640 doğum, 199 ölüm, 291 nikahın bağlanması, 47 nikahın pozulması qeydləri rəsmiləşdirilmişdir.
2014-cü ilin 6 ayı ərzində Dövlət Notariat Kontorunun Dövlət notariusu tərəfindən 3387 Notariat hərəkəti rəsmiləşdirmiş, bunun üçün isə dövlət büdcəsinə 29187 manat dövlət rüsumu və 7790.75 manat xidmət haqqı ödənilmişdir.
Rayon ərazisində 18 İƏD üzrə nümayəndəlik, o cümlədən 1 şəhər, 3 qəsəbə, 14 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir.
Rayon İcra Hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların qəbulunun təşkilinə xüsusi diqqət yetirmişdir.
Bu ilin birinci yarısında rayon İcra Hakimiyyətinə 415 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 118-i Prezident Administrasiyasından, 4-ü Milli Məclisdən, 5-i Nazirlər Kabinetindən, 16-ı Respublikanın digər rəhbər təşkilatlarından, 272-si isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.
İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2014-cü ilin birinci yarısında İcra Hakimiyyətinin Başçısı tərəfindən 245 nəfər vətəndaş qəbul edilmişdir ki, onların 104 nəfəri səyyar qəbullar zamanı dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.
Hesabat dövründə də rayonun sosial-iqtisadi göstəriciləri, keçirilmiş səyyar qəbullar və müxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar sektor tərəfindən müəyyən edilmiş qrafikə əsasən RİAİS sisteminə yerləşdirilmişdir.
İcazə verin Sizin adınızdan respublika Prezidenti cənab İlham Əliyevi əmin edim ki, Hacıqabullular möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi diqqət və qayğıya özlərinin yüksək əmək və siyasi fəallığı ilə cavab verərək rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirəcəklər.