Hacıqabul şəhərində növbəti səyyar qəbul-görüş keçirildi.
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq səyyar qəbul-görüşlərin keçirilmə məqsədi sakinlərin problemlərini dinləmək və həll edilməsini təmin etməkdir. Bununla əlaqədar olaraq, təsdiq olunmuş səyyar qəbul-görüş qrafikinə əsasən, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov yerlərdə görüşlər keçirir, müraciət edən vətəndaşların təklif və problemlərini dinləyir, onların həlli istiqamətində müvafiq tapşırıqlar verir.
04 may 2023-cü il tarixdə Hacıqabul şəhərində S.Vurğun, Ş.İ.Xətai və İ.Nəsimi küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirilmişdir. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı, aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri və sakinlər iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək son illərdə respublikamızın o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verdi.
Rayon İcra Hakimiyyətinin başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib. İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlərin müvafiq qurumlara göndərilməsi nəzərdə tutulub.