Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul şəhərində yeni idman zonası istifadəyə verildi.

24 iyun 2026 | 14:33

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində iyunun 24-də Hacıqabul şəhəri ərazisində yeni salınmış idman zonası istifadəyə verildi.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər və gənc idmançılar iştirak etdilər.

Layihəyə əsasən sağlam məhəllədə minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. Açılışdan sonra qonaqlar yaradılmış şəraitlə tanış olub, idman meydançalarına baxış keçiriblər.

Nazir Fərid Qayıbov gənc idmançılar ilə görüşərək onların idmana marağı, əldə etdikləri uğurlar və gələcək hədəfləri ilə maraqlanıb. O, uşaqlarla səmimi söhbət apararaq sağlam həyat tərzinin və müntəzəm idmanla məşğul olmağın əhəmiyyətini vurğulayıb. Gənclər yeni yaradılan idman infrastrukturuna görə minnətdarlıqlarını ifadə edib, bu məkanın onların asudə vaxtlarının səmərəli təşkili və fiziki inkişafı üçün geniş imkanlar yaradacağını bildiriblər.

Tədbir çərçivəsində gənc idmançıların iştirakı ilə nümunəvi çıxışlar və yoldaşlıq oyunları təşkil olunub. Nazir və digər qonaqlar iştirakçıların çıxışlarını izləyib, onlarla xatirə şəkilləri çəkdirdilər. Qeyd olunub ki, “Sağlam məhəllə” layihəsi ölkənin müxtəlif bölgələrində idmanın kütləviliyinin artırılmasına, uşaqların və gənclərin sağlam həyat tərzinə təşviq olunmasına xidmət edir.

 

Keçidlər