Hacıqabul şəhərində yeni məktəb binasının açılışı keçirildi.
15 sentyabr 2026-cı il tarixində Hacıqabul şəhərində 3 saylı tam orta məktəbin yeni binasının açılış mərasimi keçirildi.
Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına yenidən inşa olunan məktəb binası 264 şagirdin təhsil almasına imkan verən müasir təhsil infrastrukturu ilə təmin edilmişdir.
Müasir tələblərə uyğun inşa edilən yeni məktəb binasında şagirdlərin təhsil alması, müəllimlərin səmərəli fəaliyyət göstərməsi və tədris prosesinin keyfiyyətli təşkili üçün zəruri şərait yaradılmışdır.
Açılış mərasimində Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Uşaq və Gənclərin İnkişafı şöbəsinin müdiri Elnur Əliyev, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
Yeni məktəb binasının istifadəyə verilməsi Hacıqabul rayonunda təhsil infrastrukturunun inkişafı, təhsilalanların müasir və əlverişli şəraitdə təhsilə çıxışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir.






