”Hacıqabul Sənaye Məhəlləsi”ndə "Penoplex Prikavkazye" MMC-nin istilik izolyasiya lövhələrinin istehsalı müəssisəsinin açılışı oldu.
27.10.2023-cü il tarixində ”Hacıqabul Sənaye Məhəlləsi”ndə "Penoplex Prikavkazye" MMC-nin istilik izolyasiya lövhələrinin istehsalı müəssisəsinin açılış mərasimi keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini Səməd Bəşirli, Rusiya Federasiyasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Mixail Yevdokimov, Rusiya Federasiyanın Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşları, Rusiya-Azərbaycan Ticarət Palatasının nümayəndəsi Ruslan Mirsayapov, ”PENOPLEX PRİKAVKAZYE” MMC-nin baş direktoru Qriqoriy Protoseniya və digər qonaqlar iştirak etdi.
İnnovativ texnologiya əsasında müəssisədə istilik izolyasiya lövhələrinin istehsalı həyata keçirilir və istehsal prosesində xammal kimi ümumi təyinatlı polistiroldan istifadə edilir. Müəssisənin investisiya dəyəri 18,4 milyon manat təşkil edir. İllik istehsal gücü 100 min kub metr olan müəssisədə istehsal olunan məhsulların 60 %-nin daxili bazara, 40 %-nin isə xarici bazara satılması planlaşdırılır.
Sənaye Məhəlləsinin 6,7 hektar ərazisində inşa edilmiş müəssisə dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, yol) təmin olunub. Eyni zamanda İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş İnvestisiya təşviq sənədi sayəsində texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 12,9 milyon manat vəsaitə qənaət (gömrük rüsumu və ƏDV) edib.
Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsi mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə dövlət başçısının 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılıb. 200 nəfərdən çox insanın daimi işlə təmin edildiyi Sənaye Məhəlləsində ümumi investisiya həcmi 163 milyon manatdan çox olan 14 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 8-i artıq fəaliyyətə başlayıb. Mövcud layihələr üzrə əlavə olaraq Sənaye Məhəlləsinə 120 milyon manata yaxın investisiyanın yatırılması, 1500-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.