Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul Sənaye Məhəlləsində "Provive" MMC müəssisəsinin açılışı keçirildi.

27 fevral 2023 | 15:47

27 fevral 2023-cü il tarixdə Hacıqabul Sənaye Məhəlləsində tullantılardan zülal və üzvi gübrə istehsal edən müəssisə - "Provive" MMC müəssisəsinin açılışı keçirildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev, müəssisənin məsul işçiləri iştirak edib.

KOBİA-dan bildirilib ki, müəssisədə innovativ texnologiyaya əsaslanaraq “Black soldier fly” milçəyinin sürfələrindən istifadə olunmaqla qida tullantılarından zülal (heyvan mənşəli) və “Zoohumus” üzvi gübrəsi istehsal olunacaq. Bu, tullantıların atılmasının qarşısını alacaq, eyni zamanda, atmosferə atılan zərərli tullantıların miqdarını azaldacaq. Nəticədə ekoloji təmiz, təbii və proteinlə zəngin məhsullar əldə olunacaq.

İnvestisiya həcmi 2,3 milyon manata yaxın olan müəssisədə 20-yə yaxın işçi çalışacaq. Hazırda müəssisənin istehsal gücü aylıq 15 tondur və yaxın vaxtlarda bu həcmin 30 tona çatdırılması planlaşdırılır. Müəssisə 1 hektar ərazidə fəaliyyət göstərir.

"Provive" MMC-yə 2020-ci ilin fevralında İZİA-nın idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidentlik statusu verilib. Müəssisəyə KOBİA tərəfindən də dəstək göstərilib.

Keçidlər