Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə açıq qapı günü keçirildi.

01 iyun 2026 | 14:38

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Hacıqabul rayonunda Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə açıq qapı günü keçirildi.

Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, FHN-nin Muğan Regional Mərkəzinin rəis müavini Orxan Bağırov, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də Hacıqabul rayonundan və Şirvan şəhərindən olan şəhid ailələri və şəhid övladları iştirak etdi.

Çıxış edənlər 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətindən bəhs etdi, uşaqların təhlükəsizliyinin təmin olunmasının, onların sağlam və vətənpərvər ruhda yetişdirilməsinin vacibliyini vurğuladı. Bildirildi ki, xüsusilə şəhid övladlarının diqqət və qayğı ilə əhatə olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri oldu.

Açıq qapı günü çərçivəsində iştirakçılara FHN-in yanğınsöndürmə və xilasetmə texnikaları nümayiş etdirildi, fövqəladə hallar zamanı davranış qaydaları barədə ətraflı məlumat verildi. Uşaqlar xüsusi texnikalarla yaxından tanış oldu, xilasedicilərin fəaliyyəti ilə bağlı məlumat əldə etdi, onları maraqlandıran suallara cavab aldı.

Tədbir zamanı uşaqlar üçün müxtəlif maarifləndirici və əyləncəli proqramlar təşkil edildi. Şəhid övladları və digər iştirakçılar üçün maraqlı təqdimatlar keçirildi, xatirə şəkilləri çəkdirildi və bayram ovqatı yaradıldı.

Sonda qeyd edildi ki, belə tədbirlər uşaqlarda təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına, onların fövqəladə hallara hazırlıq səviyyəsinin artırılmasına xidmət etdi, eyni zamanda şəhid ailələrinə və şəhid övladlarına göstərilən diqqət və qayğının növbəti təzahürü oldu. Tədbir iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılandı.

Keçidlər