Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda “20 Sentyabr – Dövlət Suverenliyi Günü: Müstəqilliyimizin və Tam Suverenliyimizin Zəfər Salnaməsi” mövzusunda dəyirmi masa keçirilib.

18 sentyabr 2026 | 15:23

20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Hacıqabul Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon təşkilatının birgə təşkilatçılığı ilə “20 Sentyabr – Dövlət Suverenliyi Günü: Müstəqilliyimizin və Tam Suverenliyimizin Zəfər Salnaməsi” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, şəhid ailələri, ictimaiyyət nümayəndələri, ziyalılar və fəallar iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.

Tədbiri Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov açaraq iştirakçıları salamlamış və 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik etmişdir. Çıxışında qeyd etmişdir ki, bu əlamətdar gün Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyır və xalqımızın milli qürur mənbəyinə çevrilmiş tarixi Zəfərin nəticələrini özündə əks etdirir. Bildirmişdir ki, Azərbaycan xalqı uzun illər ərzində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunacağına inanmış, bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət mühüm nəticələrlə yekunlaşmışdır. Natiq dövlət müstəqilliyinin və suverenliyin qorunmasının, ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulamışdır. Daha sonra tədbirin mövzusu barədə ətraflı məlumat vermiş və dəyirmi masanın işinə uğurlar arzulamışdır.

Tədbirin ilk rəsmi nitqi ilə Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov çıxış etmişdir. O, 20 Sentyabr – Dövlət Suverenliyi Gününün Azərbaycan dövlətçilik tarixində mühüm və əlamətdar hadisə olduğunu bildirmişdir. Çıxış zamanı qeyd olunmuşdur ki, bu əlamətdar gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasını, dövlət bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalanmasını özündə əks etdirən mühüm tarixi hadisədir. Natiq Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlət suverenliyinin təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətdən bəhs etmişdir.

İsmayıl İbrahimov Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycanın hərbi, siyasi və iqtisadi qüdrətinin artırılması, milli maraqların qətiyyətlə müdafiə olunması və dövlət suverenliyinin tam təmin edilməsi ölkəmizin tarixində mühüm səhifələr açmışdır. Həmçinin 20 Sentyabrın xalqımızın milli qürur və dövlətçilik duyğularını daha da gücləndirən, gələcək nəsillərə mühüm tarixi mesajlar ötürən əlamətdar gün olduğu vurğulanmışdır.

Dəyirmi masa çərçivəsində Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İsmayılova, Hacıqabul şəhər 6 saylı tam orta məktəbin psixoloqu, Vətən müharibəsi iştirakçısı Salman Mirzəzadə, Antiterror əməliyyatı şəhidləri Əlimirzə Mirzəyevin anası Nərgiz Mirzəyeva və Etibar İmamaliyevin anası Lalə İmamaliyeva  mövzu ətrafında çıxış etmişlər. Çıxışlarda Azərbaycanın suverenliyinin tam bərpa olunmasının xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm mərhələ olduğu qeyd edilmiş, 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirlərinin tarixi əhəmiyyətindən bəhs olunmuşdur. Bildirilmişdir ki, 23 saat 43 dəqiqə davam edən tədbirlər nəticəsində Azərbaycanın bütün ərazisində konstitusiya quruluşunun bərpası təmin edilmiş və sentyabrın 20-də Dövlət Bayrağımızın Xankəndidə ucaldılması tarixi Zəfərin mühüm rəmzlərindən birinə çevrilmişdir.

Çıxışlarda, həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə toxunulmuş, həmin ərazilərdə müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində görülən işlərdən söz açılmışdır.

Tədbirdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmiş, Vətən müharibəsi və antiterror tədbirlərində iştirak etmiş hərbçilərin, qazilərin göstərdikləri qəhrəmanlıq və fədakarlıq yüksək qiymətləndirilmişdir.

Dəyirmi masa zamanı 20 Sentyabr – Dövlət Suverenliyi Gününün təsis edilməsinin tarixi əhəmiyyəti, Azərbaycanın müstəqillik və dövlətçilik ənənələri, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının siyasi və tarixi əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır.

Sonda tədbir iştirakçıları mövzu ətrafında fikirlərini bölüşmüş, Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasının hər bir vətəndaş üçün mühüm vəzifə olduğu vurğulanmışdır. 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə xalqımıza təbriklər çatdırılmış və müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin daim möhkəmlənməsi arzulanmışdır.

 

Keçidlər