Hacıqabulda 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş “Azadlıqdan zəfərə” adlı dəyirmi masa keçirildi.
19 yanvar 2024-cü il tarixində Hacıqabul rayonunda 20 Yanvar hadisələrinə həsr olunmuş “Azadlıqdan zəfərə” adlı dəyirmi masa keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri və bir qrup işçiləri iştirak etdilər.
Dəyirmi masanı giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov 20 Yanvar faciəsinin xalqımızın qəhrəmanlıq tarixində mühüm rol oynadığını bildirdi, bu faciəli hadisələrə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hüquqi və siyasi qiymət verildiyini qeyd etdi.
Rayon Statistika idarəsinin rəisi Elman Nəcəfov çıxış edərək xalqımızın azadlıq mübarizəsinin şanlı səhifələrini yazan 20 Yanvar şəhidlərinin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulduğunu, 20 Yanvar faciəsi zamanı şəhid olmuş şəxslərin ailə üzvlərinin eləcə də əlil olmuş şəxslərin sosial problemlərinin dövlət tərəfindən diqqətlə araşdırılıb onlara qayğı göstərildiyini vurğuladı.
Hacıqabul Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Natiq Əliyev 34 il əvvəl baş vermiş faciəli hadisələr barədə geniş məlumat verərək zaman-zaman xalqımızın azadlıq uğrunda mübarizədə faciələrlə qarşılaşdığını qeyd etdi. Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aynur Əsədova, Rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşı Nübar Qasımova çıxış edərək 2020-ci ildə baş vermiş Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik bacarığı sayəsində xalqımızın düşmən üzərində qazanılmış zəfərin möhtəşəm sevincini yaşadığını, dövlətimizin ərazi bütövlüyünün təmin olunmasına nail olunduğunu bildirdilər.