Hacıqabulda “26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” münasibətilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” adlı tədbir keçirildi.
26 iyun 2023-cü il tarixdə “26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” münasibətilə Hacıqabul rayonunun “N” saylı hərbi hissəsində “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” adlı tədbir keçirildi. Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştrakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Gülmirzə Süleymanov, aparatının məsul işçiləri, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, “N” saylı hərbi hissənin rəhbər heyəti, çağırış yaşlı gənclər, peşəkar hərbi mütəxəssislərin, vətən müharibəsi veterenlarının və qazilərin iştrakı etdilər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və Vətən müharibəsi iştrakçılarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Hacıqabul rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştrakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Gülmirzə Süleymanov və digər çıxış edənlər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin öz xalqının tarixində müstəsna rola malik olmasından və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimlərindən biri olduğunu vurğuladılar.
Müasir Ordu quruculuğunun səmərəliliyinə nail olunmasının başlıca şərtlərindən birini Ümummilli lider Heydər Əliyev xalqın qüvvəsinə arxalanmaqda, xalqla vəhdətdə görürdü. O, xalqın gücü qarşısında hər cür qüvvənin sönük olduğunu təsdiq edir və öz fəaliyyətinə də ən böyük dəstəyi xalqın etibarında və etimadında görürdü. Ölkə həyatının ən böyük problemlərinin həllində də o, məhz xalqın gücünə arxalanırdı və ölkə həyatının mürəkkəb anlarında da xalqı ayağa qaldırmağı və milli mənafelər ətrafında onu səfərbər etməyi bacarırdı.
Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərinə qoyulmasının və qısa müddət ərzində yeni ordunun formalaşdırılmasının başlıca şərtlərindən biri də məhz Heydər Əliyev tərəfindən bütün xalqın bu prosesə cəlb edilməsi idi. Ölkədə mövcud olan ən müxtəlif mürəkkəbliklər arasından Heydər Əliyevin müstəsna fəaliyyəti ilə respublikanın siyasi böhran və girdabdan çıxarılması adi baxışdan inanılması bir qədər çətin olan bir möcüzəyə oxşayırsa, ordunun böhrandan çıxarılması həmin möcüzənin təkrarı idi. Bu sahədə mövcud olan problemlər son dərəcə çoxşaxəli idi və müəyyən hallarda qeyri-adekvat tədbirlərin həyata keçirilməsi zərurəti də son dərəcə aktual idi. Lakin bu problemlər də həll edildi. Heydər Əliyev bu sahədə də bir möcüzə yaratdı, Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaratdı, ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı və Azərbaycan Ordusunu da Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirdi.
Nəticədə, xalqın mübarizlik, dönməzlik əzmi orduya da sirayət etdi, şəxsi heyətin mənəvi əhval-ruhiyyəsi kifayət qədər sağlamlaşdırıldı, yeni-yeni ehtiyat hissələr təşkil edilərək cəbhəyə göndərildi, döyüşçülərin və onların ailələrinin sosial qayğı ilə əhatə edilməsində canlanma yarandı.
Tədbir konsert proqramı ilə davam etdi və xatirə şəkilləri ilə yekunlaşdı.