Hacıqabulda “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş anım mərasimi keçirildi.
1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişdir. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni vəhşiliyinin qurbanı olmuşdur. Bakıda, Qubada, Qusarda, Şamaxıda, Hacıqabulda, Salyanda, Lənkəranda, Qarabağda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, demək olar ki, bütün Azərbaycan torpaqlarında azərbaycan xalqına qarşı soyqırımı törədilmiş, daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla kütləvi qırğınlar həyata keçirilmişdir.
Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
31 Mart soyqırımı ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Hacıqabul rayonunda da anım mərasimi keçirilmiş, Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanları əməkdaşları , idarə, müəssisə və təşkilatların kollektivləri tərəfindən rayonun Şəhidlər xiyabanında ucaldılmış abidə kompleksi ziyarət olunmuş, abidə önünə gül dəstələri düzülərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsi dərin ehtiramla anılmışdır.
Allah şəhidlərimizə rəhmət eləsin .