Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda “8 Noyabr - Zəfər Günü” ilə əlaqədar “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirildi.

08 noyabr 2023 | 13:51

08 noyabr 2023-cü il tarixində Hacıqabul rayon Mədəniyyət Mərkəzində “8 Noyabr - Zəfər Günü” ilə əlaqədar ümumrayon tədbiri keçirildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının və digər idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələri, qazilər iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi. Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov çıxış edərək qeyd etdi ki, şahidi olduğumuz kimi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu güclü və qüdrətli dövlət quruculuğu konsepsiyası cənab Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Ümummilli liderin düşmən işğalında olan Qarabağ haqqında xalqa müraciət edərkən daima  “Biz o torpaqlara gedəcəyik, inanın ki, gedəcəyik” ifadəsi Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş uzaqgörən siyasəti, siyasətlə zamanı düzgün uzlaşdırma bacarığı sayəsində 2020-ci ildə xalqımız üçün qürurverici bir reallığa çevrildi!

Bəzi ermənipərəst qərb dövlətləri və beynəlxalq təşkilatların ikili standartlar prinsipi ilə yanaşaraq Qarabağ münaqişəsinin həllində mümkünsüz bir mənzərənin yaratması nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın bir dövrdə işğal altında saxlanılan  doğma torpaqlarımız Müzəffər Ali Baş Komandanımızın hərbi-siyasi bacarığı, qəhrəman oğullarımızın şücaəti nəticəsində cəmi 44 gün ərzində işğaldan azad olundu. Düşmənin qısa müddətdə darmadağın edilərək ağ bayraq qaldırmağa məcbur edilməsi  Azərbaycanın liderinin və onun xalqının ötən illər ərzində nəinki mövcud işğal vəziyyəti ilə barışmadığını, bu illər ərzində onun hər dəqiqə, hər saniyə doğma torpaqlarımızın düşmən tapdağından azad olunması barədə gərgin mübarizə apardığını, bu mübarizədə yalnız qələbə barədə düşündüyünü aydın şəkildə göstərir.

İşğaldan azad olunmuş ərazilərdə düşmənin qanunsuz şəkildə fəaliyyət göstərdiyi təxribat diversiya qüvvələrinə qarşı 2023-cü il 19-20 sentyabrda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində cəmi 23 saat ərzində Qarabağın düşmən nəzarətində olan digər əraziləri də  işğalçılardan tamamilə təmizləndi. Keçmiş Dağlıq Qarabağ ərazisində yaradılmış qondarma cinayətkar qurumun hərbi-siyasi rəhbərləri Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq  istintaq orqanlarına təhvil verildilər.

15 oktyabr 2023-cü il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev  prezidentliyinin 20-ci ildönümü günündə qədim yurd yerlərimiz olan Xankəndi, Xocalı, Ağdərə, Əsgəran, Xocavənddə dövlət bayrağımızı qaldıraraq xalqımıza ikinci dəfə qələbə sevincini bəxş etdi.

Dahi sərkərdə İlham Əliyevin rəhbərliyi, igid Azərbaycan oğullarının dillərə dastan olmuş qəhrəmanlığı sayəsində  xalqımızın əldə etdiyi uğurlar, qazandığı möhtəşəm zəfər qüdrətli Azərbaycan dövlətinin revanşist qüvvələrə qarşı barışmaz olacağı ilə yanaşı, onun regionda, eləcə də beynəlxalq aləmdə layiqli mövqeyini bir daha nümayiş etdirir.

Tədbirdə şəhid Mehti Şıxəliyevin anası Şəlalə Şıxəliyeva, şəhid Hüseyin Abbasovun anası Güldanə Bağıyeva, Hacıqabul şəhər 8 saylı tam orta məktəb-liseyin tarix müəllimi Fariz Ağayev, Hacıqabul şəhər 6 saylı tam orta məktəbin riyaziyyat müəllimi, Vətən müharibəsi iştirakçısı Qulam Zülfəliyev “8 Noyabr - Zəfər Günü” ilə əlaqədar çıxışlar etdilər.

Keçidlər